İQTİSADİYYAT
“Neftqaztikinti” Trestində əməyin mühafizəsinə həsr olunmuş iclas keçirilmişdir
Bakı, 29 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Trestində 2013-cü ilin birinci yarısında əməyin mühafizəsi, ekologiya, keyfiyyətə və qaynağa nəzarət üzrə görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə trest rəhbərliyinin nümayəndələri, eləcə də struktur bölmələrinin məsul işçiləri iştirak etmişlər.
Trestin müdiri Mirkazım Abasov əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən neft strategiyasının uğurlarından danışmış, əmin olduğunu bildirmişdir ki, bu məqsədyönlü siyasət gələcək illərdə də Azərbaycanın sosial-iqtisadi inkişafının qarantına çevriləcəkdir. M.Abasov 2013-cü ilin birinci yarısında struktur vahidləri tərəfindən əməyin mühafizəsi, ekologiya, keyfiyyətə və qaynağa nəzarət istiqamətində görülmüş tədbirlərin əhəmiyyətini qeyd etmişdir.
Sonra trest müdirinin əməyin mühafizəsi üzrə müavini Şəfiq Nemətovun birinci yarımildə görülmüş işlərlə bağlı hesabatı dinlənilmişdir.
Bildirilmişdir ki, ötən dövrdə Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sisteminin, ISO-9001 keyfiyyət, ISO-14001 ətraf mühitin mühafizəsi və TS 18001 təhlükəsizlik üzrə beynəlxalq standartların tələblərinə uyğun olaraq trestin struktur vahidlərində mütəmadi yoxlamalar aparılmış, aşkar olunmuş nöqsan və pozuntu halları qısa zamanda aradan qaldırılmışdır. Trestin bütün idarə və müəssisələrində müvafiq beynəlxalq standartların tələbləri ilə əlaqədar maarifləndirmə işləri aparılmış, 236 əməkdaş ARDNŞ-in təlim, tədris və sertifikatlaşdırma idarəsi tərəfindən müxtəlif peşələr üzrə təşkil olunmuş kurslara göndərilmişdir. 2013-cü ilin birinci yarısında İSO:9001 Keyfiyyət İdarəetmə Sistemi və İSO:14001 Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemi üzrə Türk Standartları İnstitutu tərəfindən, EN ISO/IEC 17025 “Yoxlama və sınaq laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” beynəlxalq standartının tətbiqi üzrə isə TürkAK tərəfindən auditlər keçirilmiş və heç bir uyğunsuzluq aşkar edilməmişdir. Trest tərəfindən görülən işlərin keyfiyyətinin qiymətləndirilməsi və nəzarətin artırılması məqsədilə sifarişçi təşkilatlar arasında keçirilmiş “müştəri məmnuniyyəti sorğusu”nun nəticələrinə əsasən, trestin 3, 6 və 7 nömrəli tikinti-quraşdırma idarələrinin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Sonda əməyin mühafizəsi, ekologiya, keyfiyyətə və qaynağa nəzarət üzrə mümkün problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüş, struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.