İDMAN
Nizami rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə basketbol turniri keçirilmişdir
Bakı, 15 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rayon məktəbliləri arasında basketbol turniri keçirilmişdir.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimi açan turnirin keçirildiyi 242 nömrəli orta məktəbin direktoru Akif Rəsulov yarışın Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq reallaşdırıldığını bildirmişdir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin gənclərə olan münasibətindən söz açaraq demişdir: “Məhz 1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev daim gənclərin sağlam və vətənpərvər ruhda yetişməsi və tərbiyə almasına xüsusi diqqət ayırmışdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində isə bu sahədə işlər daha da genişləndirilmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda onlarla olimpiya idman kompleksləri tikilmiş, minlərlə müasir idman infrastrukturuna malik məktəblər inşa və təmir edilmişdir ”.
Turnirin açılış mərasimində, həmçinin YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, təşkilatın idarə heyətinin üzvü Şükür Mehrabov, gənclər birliyinin sədri Əli Pənahov, 70 nömrəli liseyin direktoru Nazim Qasımov çıxış edərək məktəblilərə uğurlar arzulamışlar.
Mərasimdə Nizami Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi xüsusi proqramla çıxış etmişdir.
Təntənəli açılışdan sonra turnirin startı verilmişdir.
Turnirdə 16 komanda Olimpiya sistemi üzrə öz gücünü sınamışdır.
Beynəlxalq dərəcəli hakimlərin idarə etdikləri turnirin qalibi 145 nömrəli orta məktəbin basketbolçuları, ikinci və üçüncü yerlərin sahibləri isə “Zəngi” və 70 nömrəli liseylərin komandaları olmuşlar.
Yarış başa çatdıqdan sonra ikinci və üçüncü yerlərin sahiblərinə medallar, diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.
Turnirin qalibinin mükafatlandırılması ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək ümumrayon tədbirində baş tutacaqdır.