DÜNYA
Norveç elektrik mühərriki ilə uçan təyyarələr almağı planlaşdırır
Bakı, 25 mart, AZƏRTAC
Norveç növbəti illərdə elektrik mühərriki ilə uçan təyyarələr almağı planlaşdırır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Norveçin dövlət şirkəti olan “Avinor”un rəhbəri Daq Falk-Pedersen bu cür təyyarələrin “Boeing” və “Airbus” tərəfindən istehsal edilə biləcəyi qənaətindədir. Onun sözlərinə görə, 2040-cı ilədək ölkədaxili uçuşların hamısı elektrik mühərriki olan təyyarələrlə reallaşdırılacaq.
Norveç elektrik mühərriki ilə uçan təyyarələrin həm alıcısı, həm də satış mərkəzi olmağı qəbul edir. Bununla bağlı gələn il Norveçdə tender keçirilməsi planlaşdırılır. Norveç şirkəti tenderin qalibinə 12-50 sərnişin yeri olan 15 təyyarə sifariş edəcək.
Aviaşirkətlərin mütəxəssisləri təyyarələr üçün ekoloji cəhətdən əlverişli olan elektrik mühərriklərinin təkmilləşdirilməsi istiqamətində tədqiqatları davam etdirirlər. Başlıca problem irihəcmli təyyarələrin çəkisi ilə elektrik batareyalarının gücünün uyğun gəlməməsidir.
Elektrik mühərriki ilə ilk uçuş 2015-ci ildə La-Manş boğazı üzərindən "Airbus E-Fan" təyyarəsində həyata keçirilib.
ABŞ-ın “Boeing” və “Jet Blue Airways” şirkətləri də 2022-ci ildə 12 sərnişin daşıyacaq ilk hibrid-elektrik mühərriki ilə uçan təyyarənin satışa çıxarılacağını bəyan ediblər.