İQTİSADİYYAT
Növbəti “Açıq mətbuat saatı”nda əsas diqqət əhalinin təbii qazla təminatının yaxşılaşdırılmasına yönəldilmişdir
Bakı, 21 oktyabr (AZƏRTAC). Oktyabrın 21-də Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 50 nömrəli orta məktəbdə “Azəriqaz” İstehsalat Birliyi (İB) baş direktorunun müavini və məsul işçilərinin, rayon qaz istismar sahəsi rəhbərliyinin və rayon icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə səyyar “Açıq mətbuat saatı” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə görülmüş işlərdən danışılmış, abonentlərin təbii qazla təminatında mövcud problemlərin səbəbləri araşdırılmış və onların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.
Bildirilmişdir ki, səyyar “Açıq mətbuat saatı”nın məqsədi əhali ilə birbaşa təmasda olmaq, onların problemlərini araşdırmaq və həll etməkdir.
Şikayətlərin ən çox Badamdar və Bibiheybət qəsəbələrindən və “İyirminci sahə” ərazisindən olduğu vurğulanmış, bu ərazilərdə qazın təzyiqinin aşağı olması diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, payız-qış mövsümünə keçid ilə əlaqədar qaz xətlərində təmir işləri aparılır, həmçinin bəzi ərazilərdə yeni qaz xətləri çəkilir. Hazırda işlər yekunlaşmaq üzrədir və qarşıdakı mövsümdə qaz verilişində heç bir çətinlik olmayacaqdır.
Tədbirdə İB-nin baş direktorunun müavini Aydın Amanov bildirmişdir ki, Səbail rayonu üzrə cari ilin ötən doqquz ayı ərzində qaz ilə əlaqədar 11 bədbəxt hadisə baş vermişdir. Hadisələr zamanı 15 nəfər xəsarət almış və 1 nəfər həlak olmuşdur. Baş verə biləcək bədbəxt hadisələrdən və təhlükəsizlik tədbirlərindən söz açan natiq əhalinin qazdan istifadə zamanı ehtiyatlı davranmasının vacibliyini diqqətə çatdırmışdır.
Sonda tədbir iştirakçılarına qaz qurğularından və təbii qazdan təhlükəsiz şəkildə istifadə qaydalarını əks etdirən məlumatlandırıcı vərəqələr paylanılmışdır. Abonentlərin diqqətinə çatdırılmışdır ki, qaz təchizatı sistemində hər hansı xoşagəlməz halla rastlaşdıqda “104” telefon xidmətinə müraciət etsinlər.