MƏDƏNİYYƏT
Növbəti ekskursiyanın ünvanı ölkənin qərb bölgəsidir
Rayon rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının Neftçala rayonundan olan iştirakçılarını Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində yola salmaq üçün şəhərin Heydər Əliyev parkına toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri, Yeniqışlaq kənd ümumi orta məktəbinin direktoru Ülvi Fərzəliyev dörd gün davam edəcək tur-aksiyanın iştirakçılarının Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlarını vurğulayıb, məktəblilər üçün belə bir imkanın yaradılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Tur-aksiyanın digər iştirakçıları-Neftçala şəhər 4 nömrəli tam orta məktəbinin direktor əvəzi Şəfəq Balaşova, şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Elnur Mahmudov, Aşağı Surra kənd tam orta məktəbinin XI sinif şagirdi Elgün Abdıyev və başqaları da sevinclərini göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Mərasim iştirakçılarının xeyir-duası ilə tur-aksiyanın iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla müəyyən edilmiş marşrut üzrə ölkənin qərb bölgəsinə yola düşdülər.