ELM VƏ TƏHSİL
Növbəti TOPs təlimləri Sumqayıtda təşkil edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Sumqayıt şəhərində təşkil edilib.
Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri biliklərini və peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Təlimlərə Sumqayıt şəhərinin bütün ümumtəhsil məktəblərindən 170 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər zamanı müəllimlərin bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub. Təlimlərdə müəllimlərə fiziki tərbiyə sahəsi üzrə hazırlanmış innovativ metodiki tədris kartları da təqdim olunub. Bu kartlar milli fiziki tərbiyə kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir. Təlimlər müəllimlərin aktivliyi ilə seçilib və uğurla yekunlaşıb. Növbəti təlimlərin ölkəmizin şimal bölgəsinin məktəblərində təşkil olunması planlaşdırılır.
TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə yanaşı, həmçinin dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində TOPs proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub. Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.