İDMAN
Oman, Kot-Divuar, Qətər və Kamerun komandaları dörddəbir finala vəsiqəni təmin etmişlər
Bakı, 8 iyul (AZƏRTAC). Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarının dördüncü günündə “C” qrupunda Oman komandası ABŞ yığmasını 4:2 hesabı ilə məğlub edərək qrup birinciliyindəki yerini qorumuşdur.
Həmin qrupda təmsil olunan Kot-Divuar komandası isə Almaniya yığmasına 2:0 hesabı ilə qalib gəlmişdir. Bununla da Oman və Kot-Divuar komandaları 6 xal toplayaraq 1/4 finala vəsiqə qazanmışlar. Onlardan hansının qrupu 1-ci yerdə başa vuracağı isə iyulun 8-də öz aralarında keçirəcəkləri oyundan sonra məlum olacaqdır.
“D” qrupunda isə Qətər komandası Niderland millisinə 1:0 hesabı ilə qalib gəlmişdir. Həmin qrupda Kamerun millisi Braziliyanı 2:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Bu qrupda təmsil olunan Qətər və Kamerun komandaları da hərəyə 6 xal toplayaraq dörddəbir finala keçmişlər. Lakin bu komandalardan da hansının qrup lideri kimi növbəti mərhələyə adlayacağını iyulun 8-də təşkil olunacaq Qətər-Kamerun oyunu müəyyənləşdirəcəkdir. Qrupda təmsil olunan digər komandalar - Braziliya ilə Niderland isə hələ xal qazana bilməmişdir.