İDMAN
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə bu şəhərdəki uşaq evində idman yarışı keçirilmişdir
Bakı, 2 iyul (AZƏRTAC). Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Gəncə Uşaq Evində “Biz birik” adlı idman yarışında iştirak etmişlər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə icma əsaslı reabilitasiya mərkəzinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, şəhər səhiyyə idarəsinin və “Baksell”in təşkilatçılığı ilə keçirilmiş bu tədbirə digər ictimai təşkilatların nümayəndələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və valideynlər qatılmışlar.
Gəncə Uşaq Evinin və reabilitasiya mərkəzinin sakinləri olan uşaqlar arasında keçirilmiş idman yarışının rəsmi hissəsində çıxış edən müvəkkilin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Azərbaycan Ombudsman təsisatının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışmışdır. O, uşaq hüquqlarının müdafiəsinin ölkəmizin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu, Azərbaycanın hələ 1992-ci ildə Uşaq Hüquqlarına dair Konvensiyanı ratifikasiya etdiyini, bundan sonra bir sıra beynəlxalq sənədlərə, o cümlədən təhsildə ayrı-seçkiliyin aradan qaldırılması üzrə BMT-nin Konvensiyasına qoşulduğunu diqqətə çatdırmışdır.
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və bu qurumun nəzdindəki liderlik məktəbinin fəaliyyəti barədə məlumat verilmişdir. Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakıdakı və regionlardakı bir sıra məktəblərdə həmyaşıddan-həmyaşıda prinsipinə müvafiq olaraq, uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla həyata keçirildiyi vurğulanmışdır.
Respublikamızın şəhər və rayonlarında, kənd yerlərində yaşayan uşaqların, həmçinin qaçqın və məcburi köçkün, imkansız, ailə himayəsindən məhrum olmuş, uşaq müəssisələrində tərbiyə alan, habelə baxımsız olan, zorakılığa məruz qalan və digər hüququ pozulmuş uşaqların problemləri ilə bağlı müvəkkilə dərhal müraciət etmək məqsədilə Ombudsman təsisatında 916 nömrəli “Qaynar xətt”in yaradıldığı və 24 saat ərzində fəaliyyət göstərdiyi bildirilmişdir.
Ombudsmanın nümayəndəsi yarışa qatılan idmançı uşaqlara uğurlar arzulamışdır.