İQTİSADİYYAT
OPEK neft hasilatının həcmini artırmaqla bağlı qərarı təxirə salmışdır
Vyana, 9 iyun (AZƏRTAC). İyunun 8-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Konfransının 159-cu toplantısı keçirilmişdir. Təşkilata üzv dövlətlərin energetika nazirlərinin iştirak etdiyi tədbirdə əsas müzakirə mövzusu neft hasilatında dəyişiklik ətrafında olmuşdur. Səudiyyə Ərəbistanı Krallığı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri sənaye ölkələrinin dünya bazarında neftin qiymətinin sabit saxlanması arzusunu nəzərə alaraq, gündəlik hasilatın 1,5 milyon barrelədək artırılmasına tərəfdar çıxmışlar. İran, Venesuela, İraq və Ekvador isə hasilatın hazırkı vəziyyətdə saxlanmasını dəstəkləmiş, dünya bazarlarında neftin qiymətinin artmasını hasilatın həcmi ilə deyil, möhtəkirlərin fəaliyyəti ilə əlaqələndirmişlər.
OPEK-in baş katibi Abdulla Salem əl-Badri mətbuat üçün verdiyi açıqlamada bildirmişdir ki, görüşdə hasilatın artırılması və ya azaldıması ilə bağlı fikir birliyi əldə edilməmişdir. Bu səbəbdən də hasilatda dəyişiklik dekabr ayının ortalarında keçiriləcək növbəti toplantıyadək təxirə salınmışdır.
Bununla da 2009-cu ilin yanvarında müəyyən edilmiş kvota (gündəlik 24,8 milyon barrel neft) dəyişilməz qalmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana