İQTİSADİYYAT
Orxan Məmmədov: KOBİA və BP-nin regionlarda reallaşdıracağı birgə layihələr özünüməşğulluğun inkişafına töhfə verəcək
Bakı, 13 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilən sərgi və yarmarkaların təşkilində bir sıra şirkətlərlə yanaşı, BP şirkəti ilə də əməkdaşlıq edib. Bu gün imzalanacaq Anlaşma Memorandumu bundan öncəki əməkdaşlığın davamı olaraq kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində KOBİA ilə BP şirkəti arasında qarşılıqlı fəaliyyətin forma və mexanizmlərini müəyyən edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP arasında yeni Anlaşma Memorandumunun imzalanması tədbirində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, sözügedən sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkilini, dövlət və özəl sektor arasında praktik əlaqələrin genişləndirilməsini, sahibkarların maarifləndirilməsini nəzərdə tutur. Eləcə də Azərbaycanda müxtəlif dayanıqlı inkişaf təşəbbüslərini, o cümlədən aztəminatlı şəxslərin məşğulluq bacarıqlarının və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş sosial layihələrin həyata keçirilməsini, xüsusilə neft və qaz kəmərlərinin keçdiyi bölgələrdə, ölkə miqyasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə xidmət edən sahələrdə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
Orxan Məmmədov deyib: “BP şirkəti özəl sektorda mütərəqqi korporativ idarəetmə sisteminə malik şirkətlərdəndir. Azərbaycanda mühüm layihələrin iştirakçısı olan BP qabaqcıl texnoloji avadanlıqların tətbiqi, müxtəlif yeniliklərin həyata keçirilməsi və sosial məsuliyyət sahəsində fəal işlər aparır.
KOBİA da öz növbəsində yeni sahibkarlıq subyektlərinin yaradılmasına, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsinə, xüsusilə bu meyarlar üzrə formalaşmış sahibkarların fəaliyyətinin daha səmərəli təşkili və biznesin idarə edilməsində peşəkarlıq məsuliyyətinin yüksəldilməsi məqsədilə dövlət və özəl təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verir. Mandatımız donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələri əlaqələndirməyə və birgə təşəbbüsləri həyata keçirməyə imkan verir. Biz bu əməkdaşlıq çərçivəsində ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri göstərə, habelə dövlət və özəl təşkilatların bu kimi təşəbbüslərini əlaqələndirə bilərik”.
KOBİA-nın İdarə Heyətinin sədri, həmçinin qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda, bu əməkdaşlıq zamanı qazanılmış təcrübə digər layihələrin icrasında istifadə olunacaq. Həm də bu Memorandum birgə təşəbbüslərin tətbiqinə əsaslanan innovativ sahibkarlığın inkişaf etdirilməsi, dəstəklənməsi və yeni biznes ideyalarının reallaşdırılması üçün daha geniş imkanlar yaradacaq.