CƏMİYYƏT
Ötən ay 142 - “Çağrı mərkəzi”inə edilən müraciətlərin 35 faizi sorğu xarakteri daşıyıb
Bakı, 9 avqust (AZƏRTAC). Cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən ümumilikdə 2877 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, müraciətlərin 35 faizi ƏƏSMN-in ayrı-ayrı fəaliyyət sahələrində aparılan islahatlar, xüsusən cari il iyulun-dən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar olaraq sorğu xarakteri daşıyıb. Ümumi müraciətlərin 1341-i əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı, əməyin mühafizəsi, 1158-i sosial təminat növlərindən istifadə və müavinət məsələlərini əhatə edib.
Həmçinin əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair 171, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 207 müraciət daxil olub.
Ay ərzində 142 - “Çağrı mərkəzi”nə edilən hər bir müraciət qeydə alınaraq, nazirliyin aidiyyəti struktur bölmələri ilə birgə operativ və obyektiv şəkildə araşdırılıb və qanunauyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar isə müvafiq izahat işləri aparılıb.