CƏMİYYƏT
Ötən il 802 - qaynar xətt zəng xidmətinə müraciətlərin sayı artıb
Bakı, 31 yanvar, AZƏRTAC
802 - qaynar xətt telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, videoçarxın Bakı Metropoliteninin stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində, o cümlədən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanması nəticəsində ötən il daxil olan vətəndaş müraciətlərinin sayı artıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, ötən il qaynar xətt zəng xidmətinə 1130 müraciət daxil olub. Onların 204-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 359-u narkotik asılılıqdan müalicə, 567-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 563 məktub ünvanlanıb.
Narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə 802 - qaynar xətt zəng xidməti vasitəsilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumat əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Həmçinin narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.