İQTİSADİYYAT
Ötən il bütün investisiyaların 75 faizi qeyri-neft sektoruna qoyulmuşdur
![Ötən il bütün investisiyaların 75 faizi qeyri-neft sektoruna qoyulmuşdur](/files/2013/1/1200x630/1407144605160539871_1200x630.jpg)
Bakı, 12 aprel (AZƏRTAC). Ötən ilin yekunlarına görə, Azərbaycanda 68,8 milyard dollar dəyərində ümumi daxili məhsul istehsal olunmuş, əvvəlki ilə nisbətən ümumi artım 2,2 faiz təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Xəzər beynəlxalq su texnologiyaları forumundakı çıxışında Baş nazirin müavini Abid Şərifov demişdir.
Baş nazirin müavini bildirmişdir ki, ötən il ölkə iqtisadiyyatına 25,8 milyard dollardan çox investisiya qoyulmuşdur. Bunun 15,5 milyard dolları və ya 60 faizi daxili investisiyaların, 10,3 milyard dolları və ya 40 faizi xarici investisiyaların payına düşmüşdür. Bütün investisiyaların 19,4 milyard dolları və ya 75 faizi qeyri-neft sektoruna, 6,4 milyard dolları və ya 25 faizi neft sektoruna yönəldilmişdir.
A.Şərifov qeyd etmişdir ki, aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində sənayenin qeyri-neft sektorunda 9,7 faiz artım olmuşdur. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır.
Ötən il ərzində ölkənin strateji valyuta ehtiyatları 13,5 faiz artaraq 46,1 milyard dollara çatmışdır.