İQTİSADİYYAT
Ötən il “İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 51,7 milyon ton yük daşınmışdır
Bakı, 20 fevral (AZƏRTAC). 2010-cu ildə “İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 51,7 milyon ton və ya 2009-cu illə müqayisədə 8,9 faiz çox yük, 223,2 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yüklərin 42,1 faizi avtomobil, 39,8 faizi dəmir yolu, 18,1 faizi dəniz nəqliyyatının payına düşmüşdür. Daşımaların həcmi avtomobil nəqliyyatında 7,8 faiz, dəmir yolu nəqliyyatında 6,9 faiz, dəniz nəqliyyatında isə 16,7 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 30,9 faizini və ya 16 milyon tonunu tranzit yüklər təşkil etmiş, 2009-cu illə müqayisədə bu yüklərin həcmi 2,7 milyon ton və ya 20,2 faiz artmışdır.
Yük daşımalarından 283,6 milyon manat (16,2 faiz çox), sərnişin daşınmasından isə 38,6 milyon manat (13,3 faiz çox) gəlir əldə olunmuşdur.