CƏMİYYƏT
Ötən ilin dekabrında 618 PHS və tank əleyhinə iki mina zərərsizləşdirilmişdir
Bakı, 4 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən ötən ilin dekabr ayında 3,383,944 kvadratmetr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. Bu müddətdə 618 PHS və tank əleyhinə 2 mina aşkar edilərək zərərsizləşdirilmişdir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 yardımçıdan ibarət heyət iştirak etmişdir. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it də cəlb olunmuşdur.
İndiyədək cəmi 214,291,899 kvadratmetr ərazi təmizlənmiş, 676 min 170 ədəd PHS və mina zərərsizləşdirilmişdir.
Təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Tərtər rayonlarında, eləcə də Abşeron rayonunun Kirdağ Palçıq Vulkanları və Qaradağ rayonunun Güzdək qəsəbəsinin ərazilərində davam etdirilir.