İQTİSADİYYAT
Ötən ilin sonuna ARDNF-in səhmlərinin ümumi portfeldə həcmi 2,6 faiz artıb
Bakı, 29 iyun, AZƏRTAC
2015-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) səhmlərinin ümumi portfeldə həcmi əvvəlki illə müqayisədə 5,1 faizdən 7,7 faizə qalxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci il üzrə hesabatında məlumat verilir. Qeyd edilir ki, il ərzində ARDNF-in ümumi səhm portfelinin gəlirliliyi 3,64 faiz təşkil edib. ARDNF səhm portfelinin qiymət dəyişkənliyinin azaldılması məqsədilə portfelin böyük hissəsini inkişaf etmiş səhm bazarlarının aparıcı göstəricisi hesab olunan “MSCI World” indeksinə investisiya edib və bu indeksi replikasiya edən səhm portfeli il ərzində -0,05 faiz gəlirlilik göstərib. Daxili idarəetmədə olan və S ənd P 100 indeksini (101aparıcı iri ABŞ şirkətlərindən ibarət) replikasiya edən portfel il ərzində +2,66 faiz gəlirlilik əldə edib.
ARDNF Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri olan VTB Bankda səhm payına sahibdir. İlin sonuna VTB Bankın səhmlərindən olan gəlirlilik rublda 20,17 faiz olub.
Fond eyni zamanda, 2015-ci ildə taktiki addım olaraq Avropa səhmlərinə 800 milyon avro dəyərində investisiya edib və “MSCI Europe ex-UK” indeksini qeyd olunan portfelə bençmark olaraq seçib. Portfelin avro vahidi ilə gəlirliyi -6,44 faiz təşkil edib.