İDMAN
Ottmar Hittsfeld məşqçilik karyerasını başa çatdırmışdır
Bakı, 2 iyul (AZƏRTAC). Braziliyada Dünya Çempionatının 1/8 finalında Argentinaya uduzan futbol üzrə İsveçrə yığmasının baş məşqçisi Ottmar Hittsfeld karyerasının başa çatdığını elan etmişdir. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis öz işini televiziyada ekspert kimi davam etdirmək niyyətindədir.
O. Hittsfeld demişdir: “Məşqçilik işim bununla bitmişdir. Mən öz karyeramla fəxr edirəm. İndi televiziyada işləyəcəyəm. Qarşıda məni sakit həyat gözləyir”.
Argentina – İsveçrə oyunu 1:0 hesabı ilə cənubi amerikalıların xeyrinə başa çatdı. Görüşün müqəddəratı əlavə vaxtın sonunda həll olundu. Beləliklə, Argentina Dünya Çempionatının dörddə bir finalına çıxdı, İsveçrə isə turniri tərk etdi.
Ottmar Hittsfeld oyunçu kimi İsveçrə və Almaniya klublarında çıxış etmiş, “Bazel” ilə İsveçrə çempionu olmuş, Almaniya yığmasına dəvət edilmişdir.
Məşqçi kimi yeddi dəfə Almaniya çempionatının qalibi olmuş, Bundesliqada Münxenin “Bavariya” (beş dəfə) və Dortmundun “Borussiya” (iki dəfə) komandalarına qələbə qazandırmış, iki dəfə Çempionlar Liqasının qalibi olmuşdur (1997-ci ildə “Borussiya” ilə, 2001-ci ildə “Bavariya”). 2008-ci ildən İsveçrə yığmasına rəhbərlik etmişdir.