MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Azərbaycanda dünyanın ən mehriban, səmimi və qonaqpərvər insanları yaşayırlar
Bakı, 4 iyun (AZƏRTAC). “Eurovision- 2012” mahnı müsabiqəsində iştirak etdiyimiz üçün çox şadıq. Çünki Azərbaycan kimi bir ölkə ilə tanış olduq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Rumıniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi “Mandinga” qrupunun üzvləri demişlər.
Ölkəmiz haqqında təəssüratlarını bölüşən qrup üzvləri burada qarşılaşdıqları qonaqpərvərlikdən və səmimi münasibətdən məmnunluq ifadə edərək demişlər: “Biz Azərbaycanı, paytaxt Bakını yaxından tanıdığımız üçün çox şadıq. Burada dünyanın ən mehriban, səmimi və qonaqpərvər insanları yaşayırlar. Şəhəriniz çox gözəldir. Həmçinin zəngin bir mətbəxə maliksiniz. Maraqlıdır ki, bu cür dadlı şirniyyatları və yeməkləri olan Azərbaycanın xanımları daim formada, cazibədar və gözəl qala bilirlər”.
Rumıniya təmsilçiləri qısa müddət ərzində istifadəyə verilmiş “Baku Crystal Hall” barədə isə belə demişlər: “Bu kompleks indiyədək gördüklərimiz arasında ən möhtəşəm bir məkandır. “Baku Crystal Hall”un səhnəsində çıxış etmək, bu möhtəşəm konsert kompleksində alqışları eşitmək insanda tamam başqa bir hiss oyadır. Qısa bir zamanda tikilən “Baku Crystal Hall” paytaxtınız kimi gözəl və möhtəşəmdir”.