MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsi aparıcılarının “Baku Crystal Hall”da ilk məşqləri olmuşdur
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin aparıcıları Eldar, Leyla və Nərgizin "Baku Crystal Hall"da ilk məşqi keçirilmişdir.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, məşqi “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand, “Eurovision-2012” mahnı müsabiqəsi işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker və “Brainpool” şirkətinin rəhbəri Yorq Qraboş izləmişlər.
Təəssüratlarını eurovision.az saytı ilə bölüşən Yorq Qraboş aparıcıların “Baku Crystal Hall”dakı ilk məşqdən yaxşı təsir bağışladıqlarını bildirmişdir. Bu da o deməkdir ki, onlar bu möhtəşəm şounun çox gözəl aparıcıları olacaqlar. Biz Bakıda “Eurovision” şousunu Avropaya göstərəcəyimiz günü səbirsizliklə gözləyirik.
“Baku Crystal Hall”ın möhtəşəmliyini vurğulayan aparıcılar bu səhnədə çıxış etməyin super bir hiss olduğunu dilə gətirmişlər. Onlar bu möhtəşəmliyi Avropaya hiss etdirməyə çalışacaqlarını bildirmişlər.
“Eurovision-2012” mahnı müsabiqəsinin aparıcıları Leyla, Nərgiz və Eldar bu günlərdə Almaniyanın Köln şəhərində ikinci treninqdə olmuşlar. Onlar ötən ilin mayında Düsseldorfda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin aparıcılarından olan Anke Engelke ilə görüşmüş və təcrübə mübadiləsi aparmışlar.