MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Almaniyalı fan Stefan Engel: Mən Bakıda hər addımda gözəlliyin şahidi oldum
Bakı, 21 may (AZƏRTAC). Mən Bakıda hər addımda gözəlliyin şahidi oldum. Bu mənim Bakıya ilk səfərimdir. İndiyədək Azərbaycan haqqında heç bir məlumatım yox idi.
Bu sözlər “Eurovision-2012” mahnı müsabiqəsinə fan kimi qatılmış almaniyalı Stefan Engel AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, keçən il Düsseldorfda Azərbaycan təmsilçilərinin qalib gəlmələri onun üçün böyük sürpriz olmuşdur. Onların ifa tərzi və mahnıları çox gözəl idi.
“Eurovision” mahnı müsabiqəsinə səkkizinci ildir qatıldığını söyləyən Stefan Engel çoxlu fan dostlarının olduğunu, onların arasında Azərbaycandan olanlarla ilk tanışlığının ölkəmizin bu tədbirə ilk dəfə qatıldığı zaman başlandığını bildirmişdir.
Bakının iqliminin, təbiətinin çox gözəl olduğunu deyən almaniyalı fan buranın yayını ölkəsinin havası ilə müqayisə etmişdir. Şəhərimizdə çoxlu turistlərin də olduğunu qeyd edən Stefan Engel onların buradakı şəraitdən çox razı qaldıqlarını söyləmişdir. Paytaxtımızda gördüklərinin onu yaxşı mənada təəccübləndirdiyini söyləyən almaniyalı fan bu yerlərin Aralıq dənizinin sahillərini xatırlatdığını demiş, həmçinin Dənizkənarı Milli Parkın qarşısını çoxlu tikililəri ilə birgə Fransanın cənubundakı Nitsa şəhəri ilə müqayisə etmişdir. İnsanlar axşamlar bu parkda dincəlir, təbiətdən zövq alırlar. Hamı çox mehriban, qayğıkeş, ünsiyyətcil və gülərüzdür.
Stefan Engel vurğulamışdır ki, ölkədə yarışmaya hazırlıq işləri yüksək səviyyədə aparılmışdır. “Baku Crystal Hall” çox gözəldir, Mətbuat Mərkəzi geniş, rahat və moderndir, müasir avadanlıqla təchiz edilmişdir. Həmçinin könüllülər çox fəaldır, hər zaman kömək edirlər. Almaniyalı fan təhlükəsizliyə yüksək diqqət ayrıldığını da vurğulamış, nəqliyyatın rahat olduğunu qeyd etmişdir.
Yarışmada İtaliyanı dəstəklədiyini söyləyən Stefan Engel onun Azərbaycanın təmsilçisi kimi çox valehedici olduğunu və uğur qazanacağına əminliyini bildirmişdir. Almaniyalı fan ilk üçlükdə İtaliya, İsveç və Rusiya təmsilçilərini gördüyünü diqqətə çatdırmışdır.