MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
İslandiya televiziyası Azərbaycan paytaxtı haqqında “Bakıya gedən yol” adlı sənədli film hazırlayır
Bakı, 7 may (AZƏRTAC). İslandiyanın RUV televiziyası “Bakıya gedən yol” adlı sənədli filmin çəkilişlərinə başlamışdır.
Telekanalın yaradıcı heyəti filmin ilk epizodlarını İslandiyanı “Eurovision - 2012” mahnı müsabiqəsində təmsil edəcək Qreta Solome və Jonsi duetinin milli finaldakı qələbəsi zamanı lentə almışdır.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, çəkiliş qrupu cütlüyü Bakıya səfər zamanı da müşayiət edəcəkdir. Bu silsilədən ilk ekran işi cütlüyün 57-ci “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinaldakı çıxışından iki gün əvvəl - mayın 20-də nümayiş olunacaqdır.
Filmdə İslandiya təmsilçilərinin hazırlığı, onların “Baku Crystal Hall”ın səhnəsindəki məşqləri və müsabiqədən gözləntiləri ilə yanaşı, şəhərimiz haqqında düşüncələri də əksini tapacaqdır.
RUV televiziyasının yaradıcı heyəti ötən il “Eurovision - 2011” mahnı müsabiqəsindən bəhs edən “Düsseldorfa gedən yol” adlı film hazırlamışdı. Layihənin uğurunu nəzərə alan çəkiliş qrupu onu Bakıda fərqli forma və məzmunda yenidən həyata keçirməyə qərar vermişdir.