MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Ukraynanın “Eurovision - 2012”dəki təmsilçisi Qaytana velosipedini də özü ilə Bakıya gətirəcəkdir
Bakı, 7 may (AZƏRTAC). Ukraynanın 57-ci “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Qaytana Essami Bakıda olacağı iki həftə müddətində şəhərimizi doyunca gəzmək arzusundadır. Ona görə də o, velosipedini də Bakıya gətirməyi planlaşdırmışdır.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, Qaytana qalacağı mehmanxanadan “Baku Crystal Hall”a qədər olan məsafəni velosipedlə qət etmək niyyətindədir.
Konqo əsilli müğənni demişdir: “Havalar istiləşən kimi velosipedimdə doyunca gəzirəm. Məncə, Bakının bütün görməli məkanlarını tanımaq üçün bundan daha uyğun nəqliyyat vasitəsi çətin ki, tapılsın. Hazırda mən Bakıda baş çəkəcəyim yerləri planlaşdırıram. Artıq bu şəhəri tanımağa can atıram. Avtomobildə bunları yaxından görmək mümkün olmur”.
Qaytana velosipedlə ilk turunu da müəyyən etmişdir. O, qalacağı mehmanxanadan “Baku Crystal Hall”a qədər olan məsafəni velosipedlə qət etməyi düşünür. “Əminəm ki, bu unudulmaz səyahət olacaqdır”, - deyə Qaytana bildirmişdir.