DÜNYA
Özbəkistan: Gülnarə Kərimova təcridxanada saxlanılır
Bakı, 1 avqust, AZƏRTAC
Özbəkistanın sabiq prezidentinin böyük qızı Gülnarə Kərimovanın respublikanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlandığı məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ferghana.ru internet-nəşrinin baş redaktoru Daniil Kislov özünün “Facebook” səhifəsində yazıb.
Gülnarə Kərimova barəsində cinayət işi hələ 2013-cü ilin oktyabrında, dələduzluq və vergidən yayınma maddələri üzrə açılmışdı. Məhkəmə onu 5 il azadlıqdan məhdudlaşdırma cəzasına – ev dustaqlığına məhkum etmişdi. Prezident İslam Kərimovun vəfatından sonra 2016-cı ilin sentyabrında Gülnarənin öldürüldüyü barədə xəbərlər yayılsa da, sonradan bu məlumatların yalan olduğu üzə çıxmışdı.
Bu il iyulun 28-də Özbəkistan prokurorluğu Gülnarə Kərimovaya qarşı cinayət işinin təhqiqatının davam etdiyini və onun həbs olunduğunu bildirib. Prokurorluğun məlumatına əsasən, iki cinayət işi üzrə dövlətə vurulan zərərin ümumi miqdarı təxminən 2 milyard dollara yaxındır. Özbəkistan, həmçinin Gülnarənin daxil olduğu cinayətkar qrupun 12 ölkədəki 1,5 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə müraciət edib.