İQTİSADİYYAT
Özbəkistan portalı Azərbaycanın Böyük İpək Yolunun inkişafındakı rolundan yazır
![Özbəkistan portalı Azərbaycanın Böyük İpək Yolunun inkişafındakı rolundan yazır](/files/2016/3/1200x630/14812077022376613251_1200x630.jpg)
Daşkənd, 8 dekabr, AZƏRTAC
Özbəkistanın 1news.uz portalında rus dilində “Azərbaycan və Böyük İpək Yolu: Odlar yurdunun İpək Yolunun inkişafındakı rolu” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə qədim dövrlərdən Böyük İpək Yolunun Azərbaycandan keçdiyi bildirilir. Bu dəhlizin sirli Çinlə zəngin Avropa arasında bir qapı olduğu vurğulanır.
Yazıda bildirilir ki, bizim eradan əvvəl I-II əsrlərdə ən işlək yol Odlar Yurdundan keçirdi və bu yolu adətən Strabon yolu adlandırırdılar.
Bu yol Çin, Hindistan, Mərkəzi Asiya ərazisindən Uzbay çayı vasitəsi ilə Xəzər dənizi, sonra isə Azərbaycan ərazisindən keçib.
Materialda Azərbaycanın Böyük İpək Yolunda fəal iştirakı haqda geniş məlumat verən portal yazır ki, o zaman Azərbaycanın paytaxtı olan Bərdə dünyada böyük ticarət şəhərinə çevrilmişdi.
Yazıda qeyd edilir ki, o dövrdə Şamaxı, Dərbənd, Bakı, Ərdəbil, Təbriz, Gəncə, Marağa da inkişaf edən şəhərlər sırasında idi. Tacirlər Azərbaycandan Avropaya neft, ipək, qiymətli daşlar, duz, yun, mis məmulatları və digər məhsullar aparırdılar.
Materialda Böyük İpək Yolunun inkişafında Orta Asiyanın rolu haqqında da ətraflı məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd