SİYASƏT
ÖZBƏKİSTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Bakı, 25 sentyabr (AZƏRTAC). Özbəkistanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə sentyabrın 25-də “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir.
Əvvəlcə Azərbaycan və Özbəkistanın dövlət himnləri səsləndirilmişdir.
Qəbulda çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev qədim tarixi köklərə əsaslanan ikitərəfli münasibətləri yüksək qiymətləndirərək demişdir ki, hazırda ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi, siyasi və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyirlər. Özbəkistan və Azərbaycan prezidentləri - İslam Kərimov və İlham Əliyevin şəxsi münasibətləri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Ölkənin paytaxtı Daşkənd şəhərinin 2009-cu ildə 2 min 200 illiyinin qeyd olunduğunu da diqqətə çatdıran səfir dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində Özbəkistanda son 4 ildə ümumi daxili məhsul istehsalının 7 faiz, ötən il 9 faiz, bu ilin birinci yarısında isə 8,2 faiz artdığını vurğulamışdır. Hazırda ölkədə 24 milyard ABŞ dolları məbləğində təxminən 300 investisiya layihəsi üzrə işlər görülür.
Ölkələrimiz arasında mehriban dostluq əlaqələrindən danışan İsmatilla Erqaşev bildirmişdir ki, Özbəkistanla Azərbaycan strateji tərəfdaşdırlar və bizim əməkdaşlığımız ən yüksək səviyyədədir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünün bərpasına tərəfdardır, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov əlamətdar gün münasibətilə bütün özbək xalqını dövlətimizin başçısı İlham Əliyev və bütün Azərbaycan xalqı adından təbrik etmiş, bildirmişdir ki, müstəqillik illərində ölkələrimizin ikitərəfli əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. Dövlətlərimiz arasında 80-dən çox mühüm sənəd imzalanmış, bunlarda iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf perspektivləri öz əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, yüksək səviyyəli beynəlxalq təşkilatların tədbirlərində ölkələrimizin nümayəndələri eyni mövqedən çıxış etmişlər.
Tədbirdə Daşkənd şəhərinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, müxtəlif ölkələrin səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
######