CƏMİYYƏT
Özünü yol polisi əməkdaşlarına Vətən müharibəsi iştirakçısı kimi təqdim edərək ictimai qaydanı pozan şəxs inzibati məsuliyyətə cəlb olunub
Bakı, 11 mart, AZƏRTAC
Paytaxtın Səbail rayonunda yol polisi əməkdaşlarına hərbi mundirdə özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim etməklə ictimai qaydanı pozan şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün idarə etdiyi avtomobilə “Saxla” işarəsi veriblər. Bu zaman yoldan ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının həyat yoldaşı olduğunu və özünün da qazi olduğunu bildirərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub və polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib.
İctimai qaydanı pozan şəxs - Xansu Quliyev əraziyə çağırılan naryad qrupu tərəfindən ərazi polis bölməsinə təhvil verilib. Onun barəsində bölmədə aparılan araşdırmalarla müəyyən olunub ki, o, ümumiyyətlə hərbi mükəlləfiyyətli deyil, heç vaxt ordu sıralarında xidmət etməyib.
Həmin hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə X.Quliyev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka müddətində inzibati qaydada həbs edilib.