MƏDƏNİYYƏT
“Park Cinema”da “Gələcəyin həddi” fantastik döyüş filminin ilk nümayişi olacaqdır
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 4-də “Metro Park” ticarət və əyləncə mərkəzindəki “Park Cinema”da jurnalistlər, ictimaiyyətin nümayəndələri və bütün kinosevərlər üçün “Gələcəyin həddi” fantastik döyüş filminin ilk nümayişi olacaqdır.
“Park Cinema” kinoteatrlar şəbəkəsindən AZƏRTAC-a bildirmişlər ki, baş rollarda Tom Kruzun və Əmili Blantının çəkildikləri “Gələcəyin həddi” bədii filmi son illərin ən yaxşı fantastik döyüş filmlərindən biri kimi qiymətləndirilir. Süjet xətti Xirosi Sakuradzukinin “Sənə yeganə lazım olan – öldürməkdir” romanı əsasında canlandırılmış film Hollivudda özünü risk etməkdən çəkinməyən və qaydaları pozan insan kimi tanıtmış Daq Laymanın yeni rejissor işidir.
“Gələcəyin həddi” “Marmot günü” (“Den surka”) filminin döyüş variantını xatırladır. Filmin süjet xətti isə çox maraqlıdır. Gələcəkdə Yer planeti mimikalar kimi tanınan yadplanetlilərin hücumuna məruz qalır. Yerin orduları düşmən üzərində qələbə qazanmaq üçün başqa şansın olmadığını anlayaraq birləşirlər. Filmin qəhrəmanı irimiqyaslı döyüşlərin, zamanın burulğanının ortasına düşür. Podpolkovnik Keyc ilk döyüş daşladıqdan bir neçə dəqiqə sonra həlak olur. Lakin o ölməmişdən əvvəl yadplanetlilərdən birini öldürə bilir. Bu vaxt burulğanına düşür, yenidən canlanır və öldüyü günü yenidən yaşamağa başlayır. Bu hal hər dəfə təkrarlanır. Kino tənqidçilərinin fikrincə, “Gələcəyin həddi” ağıllı, orijinal, baxımlı və maraqlı olmaqla son illərin ən yaxşı fantastik döyüş filmlərindən biridir.