SİYASƏT
PARLAMENTİN YAZ SESSİYASINDA BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏTİ HƏYATA KEÇİRƏN ORQANIN İLLİK MƏRUZƏSİ DİNLƏNİLƏCƏKDİR
Bakı, 27 yanvar (AZƏRTAC). Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə demişdir ki, parlamentin yaz sessiyasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcəkdir.
M.Səlimzadə bildirmişdir ki, aparılan araşdırmalar göstərmişdir ki, bələdiyyələr qanunvericiliyə uyğun fəaliyyətlərinin qurulması istiqamətində xeyli təcrübə əldə etmişlər.
2008-ci ildə 2753 bələdiyyədən 15 min 600 bələdiyyə aktı daxil olmuşdur. 2009-cu ildə isə aktların sayı 20 minə yaxın olmuşdur. Həmçinin, 2008-ci ildə 15 min 600 bələdiyyə aktından 600-dən çoxu mərkəz tərəfindən araşdırılaraq ləğv olunduğu halda, ötən ilki 20 min bələdiyyə aktından cəmi 300-ü ləğvə yönəldilmişdir. Bu isə o deməkdir ki, artıq bələdiyyələr müəyyən təcrübə əldə etmişlər. Bu, çox böyük irəliləyişdir.
Bununla yanaşı, bəzi yerli özünüidarəetmə orqanında bələdiyyələrin vəzifəli şəxsləri, məsul işçiləri tərəfindən hüquq pozuntularına, qanunsuzluqlara yol verildiyi də aşkarlanmışdır. Təxminən 20-dən çox bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunmuş və onlar prokurorluq orqanlarına göndərilmişdir. Qanun pozuntuları ilə əlaqədar cinayət işləri açılmışdır. Məhkəmə hökmü ilə müvafiq qaydada məsuliyyətə cəlb olunanlar da vardır.
M.Səlimzadənin sözlərinə görə, bu və digər faktlar hesabatda əksini tapmışdır. Hesabat yaxın günlərdə Milli Məclisə təqdim olunacaqdır.