İQTİSADİYYAT
PAŞA Bankın baş sponsorluğu ilə “Future of Banking” adı altında beynəlxalq sammit başa çatmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Parisdə Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın baş sponsorluğu ilə The Economist qrupunun bölməsi - The Economist Conferences - tərəfindən təşkil olunan 4-cü “Future of Banking” sammiti başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, əvvəlki tədbirlərdə olduğu kimi sammitin işində aparıcı bankların, maliyyə requlyatorlarının, eləcə də dövlət rəsmilərinin nümayəndələri iştirak etmişdir. Fransanın maliyyə naziri Pyer Moskoviçi, Avropa Komissiyasının daxili bazar və xidmət sahələri məsələləri üzrə nümayəndəsi Mişel Barnye, Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov, PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov və digər tanınmış şəxslər sammitdə çıxış etmişlər.
Dünya miqyasında bankçılıq sektorunun gələcəyi, yeni standartların tətbiqi, inkişaf etməkdə olan ölkələrdə biznesin aparılması perspektivləri və bu gün üçün aktual olan digər məsələlər tədbirin başlıca müzakirə mövzuları olmuşdur.