İQTİSADİYYAT
Paytaxtda və ətraf yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli mərkəzlər inşa edilir
Bakı, 2 mart (AZƏRTAC). Martın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavinin Elnur Kələntərov Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusunun, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evinin tikintisi işləri ilə tanış olmaq üçün həmin ərazilərdə olmuşdur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, E. Kələntərov həmçinin Müharibə və Əmək əlilləri üçün Pansionatın əsas korpusunda, 9 saylı Buzovna İxtisaslaşdırılmış ruhi-əsəb internat evində, Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Tikinti işlərinin gedişatından razı qaldığını bildirən nazirlik rəsmisi müvafiq tapşırıqlarını vermişdir.