DÜNYA
Pekində bütün taksilərin “təmiz” avtomobillərlə əvəzlənməsinə hazırlıq görülür
Bakı, 28 fevral, AZƏRTAC
Pekinin hakimiyyət orqanları bütün şəhər taksilərini yeni enerji mənbələrindən (new energy vehicles, NEV) istifadə edən avtomobillərlə əvəz etməyə hazırlaşır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Çin paytaxtının küçələrində 71 min taksi fəaliyyət göstərir ki, onların 67 mini ənənəvi yanacaqla, əsasən benzin və dizel yanacağı ilə işləyir. İlkin hesablamalara görə, taksilərin tam yenilənməsi 9 milyard yuana (1,31 milyard dollar) başa gələcək. Plan ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlib.
Təmiz avtomobillərə elektromobillər, hibrid mühərriklərdən, həmçinin yanacaq elementlərindən (məsələn, hidrogen əsaslı elektrik-kimyəvi qurğular) istifadə edən maşınlar aiddir.
ÇXR-in sənaye və informasiyalaşdırma naziri Myao Veyin sözlərinə görə, 2016-cı ildə ölkədə 507 min NEV avtomobili satılıb, təmiz maşınların istehsalı isə 517 min ədədə çatıb. 2020-ci ilə qədər belə avtomobillərin istehsalını ildə 2 milyon ədədə çatdırmaq planlaşdırılır.