ELM VƏ TƏHSİL
Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı
Bakı, 2 fevral, AZƏRTAC
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramının “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ilin aprelindən gələn ilin martınadək davam edəcək Beynəlxalq Liderlik Təlimi yüksək ixtisaslı texniki peşə təhsili və təlimi üzrə peşəkarlara səriştə, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək.
Təlim kursunu uğurla başa vuran iştirakçılara Avropa Kredit Transferi Sisteminin (AKTS) kreditləri veriləcək. Maqdeburq Universitetində proqram başa çatdıqdan sonra AKTS kreditləri peşə təhsili ilə əlaqəsi olan akademik beynəlxalq Magistratura Tədqiqat Proqramları tərəfindən tanınacaq. Bu da iştirakçıların universitetdə qısaldılmış təhsil müddətində magistr dərəcəsini qazanmalarına imkan yaradacaq.
Təlim kursunda təhsil sahəsində, məktəblərdə və ya təhsillə bağlı layihə idarəçiliyində ən azı üç illik peşəkar təcrübəsi olan, ingilis dilini mükəmməl bilən, bakalavr dərəcəsinə malik 45 yaşadək şəxslər iştirak edə bilərlər.