DÜNYA
Portuqaliyada inkvizisiya qurbanlarının xatirəsi günü təsis edilib
Lissabon, 7 dekabr, AZƏRTAC
Portuqaliya hökuməti inkvizisiya qurbanlarının xatirəsi günü təsis olunmasını elan edib. Bu gün hər il martın 31-də qeyd ediləcək.
Bu qəddar qanlı dini qurum 1536-cı ildə Portuqaliyada yaradılıb və bu ölkədə 1821-ci ilə qədər mövcud olub.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Portuqaliya parlamenti yanında Mədəniyyət, idman, kommunikasiyalar və gənclərin problemləri üzrə Komissiya tərəfindən qəbul edilib və Portuqaliyanın, habelə qonşu İspaniyanın yəhudi icmalarının nümayəndələrinin varislərini birləşdirən “Reconectar” hərəkatı tərəfindən bəyənilib.
İki il bundan əvvəl qəbul edilmiş qanun çərçivəsində ötən il təqribən 1800 sefard yəhudisi Portuqaliyada vətəndaşlıq alıb. Daha 12000 nəfər bu barədə ərizə ilə müraciət edib və hazırda Portuqaliya hökumətinin qərarını gözləyir. Beləliklə, rəsmi Lissabonun statistik məlumatlarına görə, 2017-ci ildə yeni qanun əsasında Portuqaliya vətəndaşlığı almaq istəyənlərin sayı bir il əvvəlki ilə müqayisədə altı dəfə çox olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon