İQTİSADİYYAT
Prezident İlham Əliyev: Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir
Bakı, 14 iyul, AZƏRTAC
Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
"Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın", - deyə dövlətimizin başçısı qeyd edib.