Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Çox sağ olun. Mən ilk öncə sizinlə bu gün bir daha görüşmək məqsədi ilə aldığım dəvətə görə minnətdarlığımı bildirmək istəyirəm.

Əvvəlcə qeyd edildiyi kimi, beş il bundan öncə biz bir-birimizlə görüşmək imkanını əldə etdik. Mən həmin vaxt əsasən planlarımız, Azərbaycanın gələcəyi və inkişafı ilə bağlı fikirlərimiz haqqında danışmışdım. Həmin görüş 2003-cü ildə prezident seçkilərindən bir il sonra baş tutmuşdu. O vaxt, bizim bir çox planlarımız və gözlədiyimiz nəticələr var idi. Bu gün isə mən sizi bir daha görməyimə və bu vaxt çərçivəsində Azərbaycanda əldə etdiyimiz nailiyyətlər haqqında məlumatları sizinlə bölüşməyimə şadam.

Şərhlərimdə qısa olmağa çalışacağam, çünki inkişafın bütün sahələrinə toxunsaq, bir neçə saat tələb olunacaqdır. Ümumiyyətlə, son beş il ərzində Azərbaycanın inkişafı çox uğurlu olmuşdur. Biz ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirmişik. Biz artıq elə bir iqtisadiyyat yaratmışıq ki, o, enerji amilindən ciddi şəkildə asılı deyil. İqtisadi islahatlar siyasəti və enerji strategiyamız nəticəsində, biz dünyada görünməmiş iqtisadi artıma nail olmuşuq. Ötən beş il ərzində ölkədə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 13 faizə qədər azalmışdır. Beş il ərzində büdcə xərcləri on dəfədən çox artmışdır. Biz sosial infrastruktura, təhsil, səhiyyə və informasiya texnologiyalarının inkişafına böyük sərmayələr yatırmışıq. Özəl sahibkarlığın dəstəklənməsi məqsədi ilə bir çox işlər görülmüşdür. Bu gün iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Onu da qeyd edim ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda özəl sektor sıfır dərəcəsində idi. Ölkənin sürətli iqtisadi inkişafı siyasi islahatlar da aparmağa imkan yaratdı. Tam əminəm ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Biz ölkədə möhkəm siyasi sistem yaratmışıq, qanunun aliliyini və cəmiyyətimizin daha da demokratikləşməsini təmin edirik. Bütün bunlar, o cümlədən iqtisadi islahatlar daim diqqət mərkəzimizdədir. Başqa sözlə desək, Azərbaycanda iqtisadi və siyasi islahatlar son beş il ərzində paralel şəkildə aparılmışdır. Bunlar bir-birini tamamlamışdır. Bunun nəticəsində biz hazırda davamlı iqtisadi inkişafa nail olmuşuq.

Azərbaycanda siyasi vəziyyət çox sabitdir. Həyata keçirdiyimiz tədbirlər xalqımızın tam dəstəyini qazanmışdır. Bu dəstək siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Xarici siyasətə gəldikdə isə bu sahədə əldə etdiyimiz uğurlar ölkəmizə dünyada yeni dostlar qazandırmışdır. Xarici siyasətimiz aydın, proqnozlaşdırılan siyasətdir. Azərbaycan etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Bütün dünyada, o cümlədən Avropada biz müxtəlif ölkələrlə çox möhkəm əlaqələr qurmuşuq. Hazırda Avropa İttifaqının üzvü olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. İxracımızın böyük hissəsi Avropa İttifaqı ölkələri ilə bağlıdır.

Biz Azərbaycanda infrastruktur və xidmət sahəsinə böyük sərmayələr yatırmışıq. Özəl sahibkarlığa dəstək veririk. Bu il özəl sektorun dəstəklənməsinə 150 milyon dollar məbləğində uzunmüddətli güzəştli kreditlər ayrılacaqdır. Bəzən inkişafımız və əldə etdiyimiz nailiyyətlər neft və qaz amili ilə izah edilir. Bu, qismən həqiqətdir. Lakin biz, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyuruq. Əgər belə demək olarsa, neft və qaz amili bizim üçün hədiyyə deyil. Biz bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə böyük uğurlara nail olmuşuq. Neft və qaz yataqlarının işlənilməsinə böyük sərmayələr yatırmışıq, xarici investorları cəlb etmişik, münbit biznes mühiti yaratmışıq.

Biz bəzən xülya kimi görünən layihələri reallığa çevirmişik. Çox ağır geosiyasi şəraitdə 90-cı illərin ortalarında biz bu gün Azərbaycanın rifahına xidmət edən nəhəng transmilli enerji layihələrini həyata keçirdik. Enerji sahəsində şaxələndirmə siyasəti Avropanın enerji təhlükəsizliyi işinə töhfə verir. Buna görə də, bəzən neft və qaz amili iqtisadi uğurlarımızın yeganə mexanizmi kimi təqdim edilir. Duzdür, bu amil əlavə nailiyyətlərin əldə edilməsi üçün imkan yaradır. Lakin bu uğurlar bizim tərəfimizdən yaradılmışdır. Bu, bizim uğurumuzdur.

Mən iqtisadi və maliyyə böhranı ili kimi xarakterizə edilən il üçün iqtisadi göstəricilərimiz barədə də sizə məlumat vermək istərdim. Bu ildə neft qiymətləri üç-dörd dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, iqtisadiyyatımız inkişaf edir. Cari ilin birinci rübündə Azərbaycanda iqtisadiyyatın artımı 4,1 faiz səviyyəsində olmuşdur. Milli valyutamız sabitdir. Ölkənin ümumi inkişafı çox müsbətdir. Bu ilin ilk üç ayı ərzində iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir. 2008-ci ildə Azərbaycanın Dünya Bankı tərəfindən “Doing Business” hesabatında bir nömrəli islahatçı ölkə kimi elan edilməsi bütün bunların göstəricisidir. Bu o deməkdir ki, biz bütün ölkələr arasında islahatlara görə birinci yerdəyik. Bu qiymət ciddi iqtisadi islahatlar nəticəsində qazanılmışdır.

Biz enerji sektorunun maliyyə sistemində yüksək dərəcəli şəffaflığa nail olmuşuq. Azərbaycanın Dövlət Neft Fondu tam şəffaf strukturdur. Bu qurum toplanmış kapital barədə ictimaiyyət qarşısında dövri hesabatlarla çıxış edir. Onun fəaliyyəti beynəlxalq səviyyədə auditdən keçir. Birləşmiş Millətlər Təşkilatı 2007-ci ildə Azərbaycanın Dövlət Neft Fondunu şəffaflıq mükafatı ilə təltif etmişdir.

Bir sözlə, bütün bunlar ölkəmizin iqtisadi inkişafını xarakterizə edən məqamlardır. Enerji sahəsinin inkişafı və bu sahədə siyasətə gəldikdə, son bir neçə il ərzində biz əsas boru kəmərlərinin tikintisini başa çatdıra bildik. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərini çəkdik. Ondan əvvəlki dövrdə tikdiyimiz boru kəmərlərini əlavə etsək, qeyd edə bilərik ki, bu şəbəkə Azərbaycana öz enerjidaşıma marşrutlarını tam şəkildə şaxələndirməyə imkan yaradır.

Hazırda neft hasilatı artır. Ümid edirik ki, bu il Azərbaycanda hasil edilən neftin həcmi 45-50 milyon ton olacaqdır. Qaz yataqlarında xeyli inkişafa nail olmuşuq və bu gün Azərbaycan qazı müxtəlif istiqamətlərdə nəql olunur. Deyə bilərik ki, enerji siyasətində əsas məqsədlərə nail olmuşuq. Buna görə biz özümüzü kifayət dərəcədə rahat hiss edirik. Növbəti addımlarımız bu siyasətin davam etdirilməsinə yönəlməlidir. Qarşıdakı mərhələdə yeni bazarlar haqqında düşünməliyik və Azərbaycandan karbohidrogen ehtiyatlarının davamlı şəkildə nəqli üçün tərəfdaşlar, şirkətlər və ölkələrlə birgə işləməliyik.

Hesab edirəm ki, ötən illər ərzində gördüyümüz işlər bu gün xüsusən Avropada müzakirə olunan layihələrə yaxşı təkan verir. Bu layihələr Avropaya təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacaqdır. Bütün bunlar üçün iştirakçılar - hasilatçılar, tranzit ölkələri, istehlakçılar arasında olan münasibətlər uğurla nəticələnməlidir. Hər üç tərəfin maraqları təmin edilməlidir. İstehlakçılar üçün şaxələndirmə yeni mənbə deməkdir. Bu, hasilatçı bir ölkə kimi bizim üçün yeni bazarlar deməkdir. Ətrafımızda bir çox bazarlar mövcuddur. Bizim karbohidrogen ehtiyatlarımıza ehtiyac daha da artır. Təbii ki, irəli sürülmüş hər bir təklifi biz kommersiya əsasları ilə nəzərdən keçiririk. Əlbəttə ki, qəbul etdiyimiz qərarlar müxtəlif amillərə əsalanır. Bizim üçün isə şaxələndirmə enerji daşıyıcılarının nəqletmə yollarının şaxələndirilməsi deməkdir.

Bu günə qədər Azərbaycanın enerji siyasəti çox uğurlu olmuşdur. 90-cı illərin ortalarından bu günə qədər mümkün ola biləcək hər bir münasib vəziyyətin yaradılması üçün Azərbaycanda çox işlər görmüşük. Bizim Avropa İttifaqı ilə güclü əməkdaşlığımız var. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəftaşlıq Memorandumunu imzalamışıq. Avropa İttifaqı bu baxımdan bizim strateji tərəfdaşımızdır. Buna görə də indi biz təchizatın şaxələndirilməsinə müəyyən maneə yaradan məsələləri həll etməliyik. Biz onları çox açıq və səmimi şəraitdə nəzərdən keçirməli və irəliyə doğru addımların atılması üzərində düşünməliyik. Bizim bu sahədə təcrübəmiz var, biz boru kəmərlərini çox mürəkkəb vəziyyətdə tikmişik. Dünyada ilk dəfə idi ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxardıq. Texniki imkanlarımız var, bu cür boru kəmərlərini çəkmək asan məsələ deyil. Çox mürəkkəb coğrafi relyef mövcuddur və dənizdəki yataqlarda nefti hasil etmək çətin işdir. Ona görə də biz, sadəcə, səylərimizi əlaqələndirməliyik və bütün iştirakçılar arasında enerji inkişafı sahəsində güclü tərəfdaşlıq ruhunu yaratmalıyıq.

Azərbaycan əməkdaşlığa dair bütün proqram və layihələri həyata keçirir. Bu işlər həm neft, həm qaz, həm də dəmir yolu sahəsində aparılır. Bütün bunlar Avropa ilə Asiya arasında daha geniş əməkdaşlıq və iqtisadi əlaqələrə zəmin yaradacaqdır. Əlbəttə ki, bu sahədə Azərbaycanın coğrafi mövqeyi mühüm rol oynayır. Lakin infrastrukturu olmayan coğrafi mövqe böyük əhəmiyyət kəsb etmir. Biz çox güclü daşıma infrastrukturunu, avtomobil və dəmir yollarını, hava xətlərini yaratmışıq, Xəzər dənizi donanmasını gücləndirmişik. Bütün bu intrastrukturla Xəzərin şərq sahilindən Azərbaycan ərazisi vasitəsilə göndərilən malların, xüsusən də karbohidrogenlərin həcmini dəfələrlə artırmaq mümkündür. Bütün bunlar tərəfdaşlıq və dostluq, eləcə də sülh və təhlükəsizlik şəraitində həyata keçirilməlidir.

Bəli, ölkəmizdə sabit vəziyyət mövcuddur. Lakin hamı bilir ki, regionumuzdakı potensial təhlükələr hələ ki, aradan qaldırılmayıbdır. Dondurulmuş münaqişələr adlandırılan münaqişələr, əslində dondurulmuş vəziyyətdə deyil. Son hadisələr bunu bir daha göstərdi. Buna görə də, ciddi şəkildə başa düşülməlidir ki, Cənubi Qafqazdakı münaqişələr həll olunmalıdır, xüsusən də Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Təxminən 20 ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyon azərbaycanlı öz doğma yurd-yuvalarından qovulublar, etnik təmizləmə siyasəti nəticəsində onlar öz evlərini, mülkiyyətlərini və ümimiyyətlə, hər şeylərini itiriblər. Ərazimizin 20 faizi işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və Baş Məclisinin işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri, ATƏT-in qərarları, sadəcə, kağız üzərində qalıb. Budur böyük problem. Dünyanın aparıcı beynəlxalq təşkilatları qərarlar qəbul edib, lakin həmin qərarlar icra olunmur və həmin qərarları pozan ölkələr cəzalandırılmır. Bu, nəinki bizim üçün, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün təhlükədir. Bu, beynəlxalq ictimaiyyət qarşısında böyük çağırışdır. Azərbaycanın mövqeyi tam aydındır. Ərazi bütövlüyümüz bərpa olunmalı, işğalçı qüvvələr çıxmalı və Dağlıq Qarabağın bugünkü sakinləri, bu ərazidə yaşamış və doğma yurd-yuvalarına tam qayıtmaq hüququna malik olan qaçqın və məcburi köçkünlər orada təhlükəsizlik zəmanəti və qanunun aliliyi əsasında sülh şəraitində yaşamalıdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Hesab edirəm ki, münaqişəni yalnız beynəlxalq hüquq normaları əsasında həll etmək məqsədi ilə beynəlxalq ictimaiyyət bu məsələyə daha böyük diqqət yetirməlidir.

Öncə qeyd etdiyim kimi, ölkəmiz haqqında uzun danışmaq olar. Zənnimcə, yaxşı olardı ki, sizi maraqlandıran suallara keçək.

Çox sağ olun.

X X X

APARICI: Çox sağ olun. Zənnimcə, iqtisadi inkişafla bağlı suallarımıza başlaya bilərik. Yaxşı olardı ki, deyəsiniz, ölkənizin iqtisadi inkişafı iqtisadi və maliyyə böhranı zamanı davam edirmi? Fikrimcə, hazırkı şəraitdə gördüyünüz tədbirlər ölkənizin uzunmüddətli iqtisadi inkişafının gücləndirilməsinə yönəlmişdir. Bilirik ki, ölkənizin iqtisadi inkişaf templəri çox yüksəkdir. Bir sözlə, bu gün hamımız bura toplaşmışıq ki, uğurlu işlər haqqında, o cümlədən çətin məsələlər haqqında cənab Prezidentlə fikir mübadiləsi aparaq.

SUAL: İcazə verin özümü təqdim edim. Mənim adım Yevgeni Kirilovdur. Mən Avropa Parlamentinin Bolqarıstandan olan üzvüyəm. Azərbaycanın bu gün iqtisadi inkişaf sahəsində əldə etdiyi naliyyətlərdən məmnunluq hissi duyuruq. Cənab Prezident, maraqlı təqdimatınıza görə olduqca minnətdarıq. Biz verdiyiniz məlumatları qeyd etdik. Bildirmək istəyirəm ki, mən Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi olmuşam. Biz bir orta məktəbdə olanda orada müəllimlərin ölkənin gələcəyi və əmək haqlarının bir neçə dəfə artırılması haqqında söhbətlərini eşitdik. Zənnimcə, bu sahədə Azərbaycanın əldə etdiyi naliyyətlər sözün əsil mənasında təqdirəlayiqdir.

Dağlıq Qarabağ münaqişəsi artıq 20 ildir ki, mövcuddur. Bu problem uzun müddətdir ki, davam edir. Bir çox səylər də göstərilib. Lakin öz dostlarımız arasında bu məsələni müzakirə edərkən qeyd edirik ki, Avropa təsisatları problemin həlli üçün kifayət dərəcədə fəal rol oynamır. Bu baxımdan təbii ki, irəliyə doğru addımlar atılmalı, xüsusi qərarlar qəbul edilməlidir. Fikrimcə, zəruri hesab edilən etimadın qurulması tədbirləri məqsədi ilə heç olmasa Dağlıq Qarabağın ətrafında yerləşən və erməni silahlı qüvvələrinin işğalı altında olan rayonlarla bağlı hər hansı addım atılmalıdır. Hesab edirəm ki, Avropa İttifaqı burada daha fəal rol oynamalıdır. Lakin fikrimcə, Rusiya da fəal olmalıdır. Bilirəm ki, Siz Rusiyaya səfər etmisiniz. İndi isə Brüsseldə səfərdəsiniz. Fikrinizcə, qeyd olunan hər iki tərəf daha fəal olarsa Dağlıq Qarabağ münaqişəsinin həllində hansı irəliləyişi əldə etmək olar?

APARICI: Cənab Prezident, yaxşı olardı ki, əlavə digər iki sual da verilsin, sonra hamısına birlikdə cavab verəsiniz.

SUAL: Sağ olun, mən TÜSİAB-ı - Türkiyə Sənayeçilər Birliyini təmsil edirəm. Xəzərdə hasil olunan qazın Avropaya nəqli üçün Avropa İttifaqının dəstəyi ilə yaradılacaq Xəzər konsorsiumu və region üçün qaz təchizatı ilə bağlı rəyinizi bilmək istərdim.

SUAL: Çox sağ olun, mən Aida Əliyevayam. Mən Avropadakı Azərbaycanlı Tələbələr Forumunun nümayəndəsiyəm. Brüssel Universitetində təhsil alıram.

Hörmətli cənab Prezident, Siz çıxışınızda ölkəmizin iqtisadi göstəriciləri və digər sahələrdəki inkişafı barədə məlumat verdiniz. Mən belə bir sual vermək istəyirəm. Hazırda bir çox azərbaycanlı tələbə Avropada təhsil alır və təhsillərini başa vurduqdan sonra iş yeri axtarırlar. Avropanın akademik dairələri Azərbaycan tələbələrindən çox razıdırlar. Bilmək istərdim ki, Avropada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtdıqdan sonra işlə təmin olunma perspektivləri necədir?

İLHAM ƏLİYEV: İlk olaraq burada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sual verildi. Hazırda danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri 3 ölkədən - Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyadan ibarətdir. Bu ölkələr dünyanın aparıcı ölkələridir. Avropa İttifaqının üzvü kimi Fransa həmsədr ölkədir, bundan başqa Birləşmiş Ştatlar və Rusiya da var. Münaqişə artıq 20 ildir ki, davam edir. Sualınızda düzgün qeyd etdiniz ki, hazırda nəinki Dağlıq Qarabağ, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərindən kənarda yerləşən 7 rayon da işğal altındadır. Məhz həmin 7 rayondan qovulan azərbaycanlılar məcburi köçkünlərin əksər hissəsini, yəni 700 mindən çoxunu təşkil edir. Bu gün həmin rayonlarda hər şey dağıdılıb, heç bir yaşayış yoxdur. Ermənilər hər şeyi yerlə-yeksan edib, məktəbləri, xəstəxanaları, binaları və məscidləri, hətta qəbiristanlıqları dağıdıblar. Onlar Azərbaycanla danışıqlarda bir növ mübadilə vasitəsi kimi həmin torpaqları əllərində saxlayırlar ki, günlərin bir günü Azərbaycan həmin rayonların qaytarılması müqabilində Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Bu, heç vaxt baş verməyəcək. Onlar bunu da yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Əgər tarixə nəzər salsaq görərik ki, ermənilər nə vaxt və kim tərəfindən həmin bölgəyə köçürülüblər. Bu hadisələr təxminən 200 il bundan əvvəl baş verib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə daxil olanda o, Dağlıq Qarabağla birlikdə qəbul edilib. Buna görə də Azərbaycanın ərazisinin bölünməsi və Dağlıq Qarabağın müstəqil olmasına razılığın verilməsi imkanından söhbət belə gedə bilməz.

Münaqişənin həlli ilə nəticələnə biləcək yeganə yol var. Əvvəlcə, Ermənistan silahlı qüvvələrini Dağlıq Qarabağ ətrafında olan rayonlardan çıxarmalıdır. Biz, eyni zamanda, razılaşırıq ki, hamı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sülhməramlı əməliyyatlar aparıla bilər. Ermənistanla Dağlıq Qarabağ arasında torpaq əlaqəsinin olmasında da problem görmürük. Bu ona görə edilə bilər ki, bölgədə yaşayan insanlar özlərini daha təhlükəsiz hiss etsinlər. Biz, eyni zamanda, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verilməsinə də razıyıq. Avropada da bu təcrübədən istifadə edirlər. Biz dünyada muxtariyyətin ən yaxşı nümunəsini tətbiq edə bilərik.

Bundan əlavə, qeyd etmək istəyirəm ki, onların dedikləri məntiqsizdir. Onlar Dağlıq Qarabağın müstəqilliyini istəyirlər və bildirirlər ki, Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etmək hüququ var. Lakin onlar artıq öz müqəddəratını təyin ediblər və Ermənistan dövlətinə malikdirlər. Sabah onlar ABŞ, Fransa, Rusiya və yaşadıqları digər ölkələrdə öz müqəddəratını təyin etmək tələbi ilə çıxış edə bilərlər. Belə olarsa, neçə erməni dövləti yarana bilər? Bu, düzgün yanaşma deyil. Biz ümid edirik ki, hər iki tərəf Minsk qrupunun yaxından iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın ərazisi çərçivəsində özünüidarəetmə imkanlarının yaradılmasına yardım edəcəkdir.

Növbəti suala gəldikdə, siz Xəzərin şərq sahilində hasil olunan qazın Azərbaycan ərazisi ilə nəql edilməsi məqsədi ilə Xəzər konsorsiumunun yaradılması imkanı haqqında danışdınız. Biz bu haqda eşitmişik. Biz həmin qurumun təfərrüatlarını, onun hansı praktiki addımlar atacağını və nə vaxt atacağını bilmirik. Lakin əvvəlcədən dəfələrlə bildirmişik ki, hər bir ölkə malların öz ərazisindən daşınmasına üstünlük verir. Bu istər neft, istər qaz, istərsə də digər mallar ola bilər.

Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir və əvvəl qeyd etdiyim kimi, bu mövqe mövcud olan infrastruktura əsaslanır. Əgər şərq sahilindəki qonşularımızın bu sahədə arzusu olarsa və bizim ərazimiz vasitəsilə öz mallarını daşımaq istəyərlərsə, biz buna şərait yaradacağıq. Bu baxımdan biz istehlakçıların da səylərini dəstəkləyirik ki, onların karbohidrogen ehtiyatlarına çıxışı daha da asanlaşsın.

Azərbaycan tələbələrinə gəldikdə isə, deyə bilərəm ki, bu yaxınlarda biz gənc azərbaycanlıların xaricdə təhsil alması məqsədi ilə Dövlət Proqramının icrasına başlamışıq. Bu məqsədlər üçün vəsaitlər Dövlət Neft Fondundan ayrılır. Çox qısa müddətdə biz min tələbəyə yardım etməyi planlaşdırırıq. Planlaşdırırıq ki, onlar xaricdə yaxşı təhsil alsınlar.

O ki qaldı, onların qayıdıb işləməsinə, bilirsiniz, bu gün qloballaşan dünyada Avropadan və ABŞ-dan olan bir çox insanlar Azərbaycanda işləyirlər. Azərbaycanlılar da Avropada çalışırlar. Mən bunu normal hesab edirəm. Hər kəsin təhsil almaq hüququ var. Azərbaycan dövləti bu imkanı yaradır və bunu maliyyələşdirir. Əlbəttə ki, ölkəmizdəki inkişaf səviyyəsi dünyanın inkişaf etmiş dövlətlərinin səviyyəsi ilə müqayisə edilə bilməz. Lakin vaxt yetişəcək ki, Azərbaycan da dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir. İşlə təmin olunmaya gəldikdə deyə bilərəm ki, böyük sosial bəla olan işsizlik son 5 il ərzində demək olar ki, aradan qaldırılmışdır, 760 min iş yeri açmışıq.

Bir əlavə məsələni də qeyd edim: Azərbaycanda fəaliyyət göstərən bir çox xarici və yerli şirkətlərin rəhbərləri xarici ölkə vətəndaşlarıdır. Bu, onu göstərir ki, bizim lazımi bilik və bacarıqlara malik şəxslərə ehtiyacımız var. Ümid edirəm ki, sizin təhsiliniz vətəndə müvafiq iş tapmağa yardım edəcəkdir. Mən bilirəm ki, bu, bütün azərbaycanlıların ürəyindəndir, onların hamısı öz ölkəsində yaşamaq istəyir və ölkəmiz də onların qayıtmasını arzulayır.

APARICI: Cənab Prezident, icazə verin, öncə Sizə ünvanladığım sualı bir daha təkrarlayım. İqtisadi və maliyyə böhranı Sizin ölkənizə nə kimi təsir göstərir?

İLHAM ƏLİYEV: Təbii ki, biz dünya iqtisadiyyatının bir hissəsiyik. Böhranın mənfi təsirini hiss edirik. Bu, xüsusən də müvafiq bazarların olmamasından və istehsal etdiyi məhsulları kifayət qədər ixrac edə bilməməsindən əziyyət çəkən müsəssisələrə aiddir.

Lakin bizim müşahidələrimizə və beynəlxalq maliyyə təsisatlarının verdiyi qiymətlərə əsasən, böhran Azərbaycana daha az təsir göstərir. Artıq qeyd etdiyim kimi, iqtisadiyyatımız yenə də inkişaf edir, milli valyuta sabitdir. Bəzən görürük ki, bizim regionda, keçmiş sovet məkanında və hətta Şərqi Avropa ölkələrində milli valyutanın dəyəri 10, 20, 50 faiz aşağı düşür. Bizim güclü maliyyə imkanlarımız var. Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollara bərabərdir, büdcə kəsiri yoxdur. Təbii ki, biz dövlətin maliyyələşdirdiyi layihələrə düzəliş edə bilərik. Çünki neftin qiymətinin aşağı düşməsi bizə təsir edib, lakin adi vətəndaşlara gəldikdə, onlar əziyyət çəkmirlər. Çünki istehlak mallarının qiymətləri aşağı düşüb. Ərzağın qiymətləri 20-30 faiz aşağı düşüb, bunu digər mallara da aid etmək olar. Zənnimcə, biz böhran dövrünü minimal itkilərlə yaşayacağıq.

SUAL: Cənab Prezident, çıxışınıza görə minnətdaram. Mən Amerikanın təhlükəsizlik araşdırmaları ilə məşğul olan qeyri-hökumət təşkilatını təmsil edirəm. Mənim sualım Azərbaycanla OPEK, qaz OPEK-i adlandırılan qurumla münasibətlərin perspektivlərinə aiddir.

SUAL: Cənab Prezident, Siz çıxışınızda Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlığı qeyd etdiniz. Sizin Avropa İttifaqına inteqrasiyanız seçiminizdir, yoxsa məqsədiniz? Nəzərə alsaq ki, iki qonşunuz - Ermənistan və Gürcüstan bu istiqamətdə irəliləyirlər.

SUAL: Mən Avropa İttifaqının Sosial və İqtisadi Komissiyasının icra şurasının nümayəndəsiyəm. Biz Avropada yeni enerji dəhlizləri məsələsi ilə məşğuluq, o cümlədən mən Cənubi Qafqazda Demokratiya və Vətəndaş Cəmiyyəti Fondunun rəhbəriyəm.

Zati-aliləri, mənim sualım sırf yeni enerji dəhlizləri ilə bağlıdır. Sizin Nabukko ilə bağlı real və dəqiq rəyinizi bilmək istərdim. İkincisi, bir həftə sonra İstanbulda Avrasiya İqtisadi Forumu keçiriləcəkdir. Nabukko layihəsinə alternativ bir təklif də var - Qara dənizin dibindən keçməklə Zonquldağı Konstansiya ilə birləşdirən, oradan Polşaya, Baltikyanı ölkələrə və Bolqarıstanın cənubuna gedən boru xəttinin çəkilməsi gündəlikdədir. 2013-cü ildə “Şahdəniz” layihəsinin ikinci fazasının başlanması imkanlarını necə görürsünüz? Avropa İttifaqını təbii qazla təmin edəcək bu cür layihələr üçün müəyyən kvotanın zəruri olması ilə bağlı fikirlərinizi bilmək istərdik.

İLHAM ƏLİYEV: Bizim OPEK-lə əlaqələrimiz formalaşma mərhələsindədir. Bizim nümayəndələrimiz OPEK-in son bir neçə tədbirində iştirak etmişlər. Bu, birinci dəfə idi ki, baş verirdi. Əvvəllər OPEK-lə əlaqələrimiz olmayıb. OPEK-lə əlaqələrimiz ona görə yox idi ki, biz əvvəllər əsas neft hasilatçısı deyildik. Biz neft istehsalını son illər sürətlə artırmağa başladıq. Amma bizim əməkdaşlıq əlaqələrimizə ehtiyac duyularsa, biz bunları qura bilərik. Bundan əlavə, qeyd etmək istərdim ki, Azərbaycan çox az ölkələrdən biri olmuşdur ki, ümumi işin naminə bu il üçün nəzərdə tutulan neftin istehsal həcmini aşağı salmışdır.

Sizin qeyd etdiyiniz qaz OPEK-i ilə bağlı heç bir şərh verə bilmərəm. 2006-cı ilin sonuna qədər biz Rusiyadan qaz idxal edirdik, indi isə biz qazı Gürcüstana, Türkiyəyə ixrac edirik. Türkiyə qazımızın bir hissəsini yenidən Yunanıstana satır və eyni zamanda, biz qaz sahəsində İranla mübadilə əməliyyatı aparırıq. Eyni zamanda, Rusiyaya gedən qaz borumuz da var.

Buna görə də çıxışımda qeyd etdiyim kimi, biz özümüzü kifayət qədər təhlükəsiz hiss edirik. Avropa İttifaqı ilə münasibətlərimizə gəldikdə isə, biz bu münasibətlərimizin səviyyəsindən məmnunuq. Bu cür münasibətlərdə təşəbbüs həmişə Avropa İttifaqından gəlir. Biz Avropa İttifaqı ilə əlaqələrimizi - Avropa İttifaqı bunu nə qədər istəyirsə, o qədər qurmaq istəyirik və bu təşkilatla əməkdaşlıqda, inteqrasiyada Avropa İttifaqı nə dərəcədə hazırdısa, biz də bir o qədər irəliyə getməyə hazırıq.

Siz sualınızda qeyd etdiniz ki, Gürcüstan və Ermənistan sizin fikrinizcə bu istiqamətdə irəliləyirlər. Lakin onların bu istiqamətdə irəliləmə sürəti də Avropa İttifaqından asılıdır. Buna görə də biz realist olmalıyıq. Əgər Avropa İttifaqı bizi assosiasiya olunmuş, inteqrasiya olunmuş və ya hansısa digər şəkildə görmək istəyirsə, biz buna hazırıq. Lakin eyni zamanda, qeyd etmək istəyirəm ki, biz öz siyasətimizi populizm üzərində yox, realizm üzərində qururuq. Biz burada və ya orada olmaq istəyimizlə bağlı hər hansı bir bəyanatdan uzaq olmağa çalışırıq. Bu bir prosesdir. Buna biz də hazır olmalıyıq, Avropa da hazır olmalıdır.

Yenə də demək istəyirəm ki, bu gün bizim Avropa İttifaqı ilə əlaqələrimiz çox müsbət istiqamətdə inkişaf edir və əlbəttə ki, biz “Şərq tərəfdaşlığı”na böyük ümidlərlə baxırıq. Mən belə düşünürəm ki, bu təşəbbüs mütləq Azərbaycan ilə Avropa İttifaqı arasında daha yaxın əməkdaşlığa xidmət etməlidir.

Enerji dəhlizləri və o cümlədən, Nabukko ilə əlaqədar demək istəyirəm ki, biz təşəbbüslərimizin nəticəsində meydana çıxan bütün layihələri dəstəkləyirik. Nabukko layihəsindən danışdıqda, biz bu layihənin necə meydana gəlməsinə nəzər salmalıyıq. Bu layihə irəli sürülən zaman Azərbaycan potensial təchizatçı ölkələr sırasında deyildi. Azərbaycan yalnız tranzit ölkə kimi nəzərdə tutulurdu. Potensial təchizatçılar digər ölkələr idi və onlar bu gün də Nabukko layihəsi üçün mühüm ehtiyatlara malik ölkələr sayılırlar. Lakin sonradan aydın oldu ki, Azərbaycan təkcə tranzit deyil, eyni zamanda, təchizatçı ölkə ola bilər, biz bu barədə daha ətraflı danışmağa başladıq. Biz ötən ilin noyabrında Bakıda böyük enerji sammiti keçirdik və orada Nabukko, həmçinin hazırda mövcud olan və gələcəkdə nəzərdə tutulan digər layihələrə iştirakçı ölkələr tərəfindən güclü dəstək verildi. Sammitin birgə bəyannaməsinə imza atan ölkələr sırasında Avropa İttifaqına üzv olan doqquz ölkə də var idi.

Fikrimcə, Nabukko layihəsinin reallaşmasını sürətləndirmək üçün bir neçə mühüm məsələ öz həllini tapmalıdır. Əvvəla, tranzit məsələləri. Tranzit ölkələrlə tranzit müqaviləsi yoxdur. Bu məsələ bir ildən artıqdır ki, həllini gözləyir. Bizim mövqeyimiz tamamilə beynəlxalq normalara, beynəlxalq təcrübəyə əsaslanmışdır və bu mövqe Avropa İttifaqı tərəfindən dəstəklənir. İkincisi, güclü siyasi dəstək. Belə düşünürəm ki, bunsuz Nabukko layihəsini həyata keçirmək çətin olacaqdır. Üçüncüsü, çox güclü maliyyə öhdəliyi. Əgər Nabukko layihəsi konsorsiumunda iştirak edən ölkələrin siyahısına baxsaq, görərik ki, öz hesablarına milyardlarla dollar məbləğində vəsait qoymaq onlar üçün çətin ola bilər. Beynəlxalq maliyyə yardımına, bank kreditlərinə böyük ehtiyac var. Hətta biz Bakı-Tbilisi-Ceyhan boru xəttini inşa edərkən, bp və digər şirkətlərin bu layihədə iştirakına baxmayaraq, xərclənən vəsaitin 75 faizi müxtəlif banklardan alınan vəsait idi. Bu gün biz maliyyə paketi ilə bağlı vədverici addımların atıldığını görürük. Digər mühüm məsələ bütün iştirakçı ölkələr, o cümlədən hasilatçı, istehlakçı və tranzit ölkələr arasında güclü koordinasiyanın olmasıdır. Buna görə də düşünürəm ki, bütün bu addımlar atılarsa, layihənin yaxşı gələcəyi ola bilər.

“Şahdəniz” yatağının ikinci fazası ilə bağlı sualınıza qismən cavab vermişəm. Bununla bağlı yubanma var və bu yubanma bizim səhvimiz üzündən deyil, tranzit məsələsinin həll olunmaması səbəbindən baş verir. Biz “Şahdəniz” yatağının ikinci fazası ilə bağlı azı iki il vaxt itirdik. “Şahdəniz” qazına Avropada böyük ehtiyac var.

Qaz məsələsinə bir daha qayıdaraq bildirmək istəyirəm ki, biz bu prosesi başladıq, boru kəmərlərini çəkdik. Boru kəmərlərini Türkiyəyə çəkdik, indi isə həmin kəmərlə nəql olunan qaz Yunanıstana çatdırılır. Bizim üçün bazar qıtlığı yoxdur, ətrafımızda bazarlar çoxdur. Qonşu ölkədən bizə təklif olundu ki, biz istədiyimiz qədər qazı onlara sata bilərik. Ona görə də layihəyə bilərəkdən və ya bilməyərəkdən mane olan tərəflər bunu nəzərə almalıdır.

APARICI: Çox sağ olun. Cənab Prezident, Siz “Şərq tərəfdaşlığı” təşəbbüsünü burada xüsusilə qeyd etdiniz. Siz Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəyirsiniz, Avropa İttifaqı da bunu istəyir. Bilmək istərdik ki, bu sahədə Sizin üçün perspektivlər nədən ibarətdir?

SUAL: Cənab Prezident, sovet dönəmində və hətta ondan əvvəl quruda vaxtilə hasil edilən neft yataqlarında ekoloji vəziyyətlə bağlı hökumətinizin planları haqqında bilmək istərdik. Həmin yerlərin çirklənmədən təmizlənməsi üçün hazırda Sizin hökumətiniz hansı addımları atır?

SUAL(“Ceyns Difens” jurnalının müxbiri): Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar təbii ki, müsbət haldır. Lakin bilirik ki, Ermənistan ümumi daxili məhsulun böyük bir hissəsini hərbi xərclərə yönəldir. Ermənistan hərbi baxımdan daha da güclənmək fikrindədir. Mənim Sizə iki sualım var: Bu cür addımlar iki ölkə arasında etimad tədbirlərini sual altına qoymurmu və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə nizamlanmasını çətinləşdirmirmi? İkinci sualım, Azərbaycan Ermənistanın bu addımına qarşı hansı tədbirləri görür?

İLHAM ƏLİYEV: “Şərq tərəfdaşlığı” məsələsi ilə bağlı bizim bu yaxınlarda - may ayında Praqada görüşümüz olacaqdır. Təbii ki, bizim də gözləntilərimiz var. Bəlkə də indi nəyi gözlədiyimiz haqda dəqiq nəsə demək çətin olar. Lakin vacib məsələ odur ki, “Şərq tərəfdaşlığı” proqramında həm Avropaya, həm də Azərbaycana fayda gətirəcək konkret və dəqiq elementlər mövcuddur. İlk mərhələdə Avropa Qonşuluq Siyasəti proqramına start verildi və biz bunun yaxşı bir addım olduğunu başa düşdük. Bu regiona verilən önəmin göstəricisi idi. Lakin indi “Şərq tərəfdaşlığı” proqramından biz daha çox şey gözləyirik. Biz Avropaya, oradakı bəzi təhsil proqramlarına daha asanlıqla çıxış əldə etmək istəyirik. Ümumiyyətlə, məqsədimiz Avropa İttifaqının qabaqcıl təcrübələrinə çıxış əldə etmək, həyatımızın müxtəlif sahələrini Avropa İttifaqının standartlarına yaxınlaşdırmaq və gələcək illər üçün çiçəklənən və dayanıqlı ölkə qurmaqdır.

Ətraf mühitin qorunması məsələlərinə gəldikdə isə, bu istiqamətdə biz çalışmalıyıq. Çünki əfsuslar olsun ki, hələ Sovet İttifaqı, hətta Rusiya imperiyası dövründə neft və qaz sahələrinin işlənilməsi nəticəsində biz ətraf mühitin ciddi şəkildə çirklənməsinə məruz qalmışıq. 1991-ci ildə müstəqil ölkə kimi bizə qalan çirklənmiş ərazi, çürümüş infrastruktur və neft istehsalının aşağı düşməsi idi. Azərbaycan dünya neft istehsalının 50-70 faizini təmin edən bir məkan olub. 1990-cı illərdə biz hər şeyi yenidən başlamalı olduq. Xarici şirkətlər neftin hasilatı və işlənilməsi sahələrinə sərmayə qoymaqda maraqlı idi. Lakin ətraf mühit elə bir məsələ idi ki, biz onunla özümüz məşğul olmalı idik. Hətta bu məsələ ilə bağlı bizə kömək etmək üçün beynəlxalq maliyyə təsisatlarına ünvanladığımız müraciətlər cavabsız qoyuldu. Yalnız vəsait toplayandan sonra biz sərmayə qoymağa başladıq. Ətraf mühitin qorunması ilə bağlı biz böyük bir proqrama start verdik. Bakı ətrafında ən çox çirklənmiş bəzi ərazilər artıq təmizlənmiş və onların yerində parklar salınmışdır. Keçmişin mirasından yaxa qurtarmaq və bütün çirklənmiş əraziləri münbit hala gətirmək üçün biz böyük vəsaitlər sərf etməyi planlaşdırırıq.

Ermənistanın müdafiə xərcləri məsələsinə gəldikdə isə, siz tamamilə doğru deyirsiniz. Ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətdə bu, yəqin ki, regionda ən yüksək göstəricidir. Əgər siz rəqəmlərə diqqət yetirsəniz görərsiniz ki, bizim iqtisadi imkanlarımız hərbi sahəyə daha çox sərmayə yatırmağa imkan verir. Hətta bəzən bəzi beynəlxalq qurumlar tərəfindən tənqid edilirik ki, biz regionu hərbiləşdiririk. Bu isə bizim işğala qarşı təbii cavabımızdır. Mən sizə sadə bir rəqəmi deyim. Bildiyimə görə, Ermənistanın dövlət büdcəsi təxminən 2 milyard dollardır. Azərbaycanın hərbi xərcləri isə 2 milyard dollar təşkil edir. Başqa sözlə desək, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Biz hərbi xərcləri istədiyimiz qədər artıra bilirik, onlar isə imkanları çatdığı qədər. Bu, böyük bir fərqdir. Bu səbəbdən də onlar məsuliyyətli olmalı, işğala son qoymalı və bizi digər addımlar atmağa məcbur etməməlidirlər.

APARICI: Digər suallara keçək.

SUAL: Cənab Prezident, maraqlı çıxışınıza görə minnətdarıq. Mən Avropa İttifaqının mülki böhranların idarə edilməsi qurumunu təmsil edirəm. 1990-cı illərdən etibarən mən Azərbaycana səfər edirdim, ölkənizdə bir çox maraqlı şəxslərlə tanış olmuşam, söhbətlərim olub, bölgədə silahlanma məsələlərini araşdırmışam. Məhz bu məsələ ilə bağlı Sizin fikirlərinizi öyrənmək istərdik. Lakin eyni zamanda, olmazmı ki, Cənubi Qafqazın üç ölkəsi Rusiya və digər tərəflərin, o cümlədən Minsk qrupunun vasitəçiliyi olmadan “Qafqaz icması” təşəbbüsü ilə taleyini öz əllərinə götürərək danışıqlar masasına əyləşib ümumi nəticəyə gəlsinlər. Zənnimcə, nəqliyyat, münaqişələrin həlli və enerji məsələləri üzrə “Qafqaz icması” qrupunun yaradılması Azərbaycanın da marağında olardı. Əslində bu, Cənubi Qafqazın üç ölkəsinin maraqlarına uyğun ola bilərdi. Sağ olun.

SUAL: Cənab Prezident, verilən xəbərlərdə qazın qiyməti ilə bağlı Türkiyə ilə Azərbaycan arasında problemin olduğu bildirilmişdi. Türkiyə rəsmiləri bunu inkar edir. Məsələ ilə bağlı yekun sözünüzü bilmək istərdik. İkinci sualım: Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair razılaşma paketində Dağlıq Qarabağ məsələsi qoyulmasa Sizin reaksiyanız necə olardı? Nəhayət, sonuncu sualım: cənab Joze Manuel Barrozu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına hər hansı bir formada sərt reaksiya verməməyi Sizdən xahiş edibmi? Çox sağ olun.

SUAL: Çox sağ olun, cənab Prezident. Mən elə həmin mövzu, yəni, Türkiyə-Ermənistan yaxınlaşması və sərhədlərin açılması ilə bağlı sual vermək istəyirdim. Lakin məndən əvvəl artıq bu sual verildi. Buna görə də Sizə digər bir sual vermək istərdim. Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həllindən öncə iki ölkənin xalqları arasında hər hansı təmas ola bilərmi, yaxud biz məsələnin tam həllini gözləməliyik ki, bu cür təmaslar baş tutsun?

İLHAM ƏLİYEV: Qeyd etdiyiniz “Qafqaz icması” təşəbbüsünə gəldikdə, bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişə sona çatmayanadək biz Ermənistanla hər hansı bir əməkdaşlıq etməyəcəyik. Hesab edirəm ki, bu, başadüşülən mövqedir. Bəzən ermənilər ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Onlar özlərini çox konstruktiv, çox dost və əməkdaşlıq edilə biləcək bir tərəf kimi qələmə verirlər. Aydındır ki, torpaqlarımızı işğal edən, yüz minlərlə vətəndaşımızın acınacaqlı vəziyyətə düşməyinə səbəb olan bir ölkə ilə əməkdaşlıq ola bilməz. Məhz bu səbəbdən münaqişə həll edilmədən hər hansı bir birgə iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz, istər ikitərəfli olsun, istərsə də çoxtərəfli. Bu, birmənalıdır.

Qeyd etdiyiniz nəqliyyat və enerji sahəsi ilə bağlı. Biz Qafqaz regionunda qonşumuz olan Gürcüstanla bu sahələrdə əməkdaşlıq edirik. Bildiyiniz kimi, biz Gürcüstanı təbii qazla tam təmin edirik, neft məhsullarının əsas təchizatçısı sayılırıq, bizim Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Georgia” Gürcüstanın ən iri vergi ödəyicisi və ən iri sərmayədarıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün biz Gürcüstana bir faizlə 200 milyon dollar məbləğində kredit ayırmışıq. Bu isə bizim tərəfdaşlığımızın əyani nəticəsidir.

Ermənistan isə özünü normal apararsa, işğala son qoyarsa, o da istər enerji, istərsə də nəqliyyat sahəsində bu layihələrin bir hissəsi ola bilər. Sadəcə, onlar özlərini hər şeydən - enerji və ya nəqliyyat layihələri baxımından təcrid ediblər və zaman ötdükcə bu təcrid onların vəziyyətinə daha çox təsir edəcəkdir. Bu, bizim üçün onların işğala son qoymalarına təsir edən vasitələrdən biridir. Bunun yalnız bir mənası var. Göstərmək istəyirik ki, onların işğal siyasətinin gələcəyi yoxdur. Hesab edirəm ki, bu münaqişə həll edilmədən bizim Ermənistanla nə üçün əməkdaşlıq etməyə hazır olmadığımızı göstərən vacib bir izahdır.

Türkiyəyə satılan qazın qiymətinin qaldırılması ilə bağlı onu demək istərdim ki, bu müddət ərzində təbii qazın mövcud qiyməti Türkiyə və “Şahdəniz” konsorsiumu üzvləri arasında aparılan danışıqlar nəticəsində formalaşmışdır. Azərbaycanın Dövlət Neft Şirkəti isə “Şahdəniz” konsorsiumunun yeganə üzvü deyil. Qiymət razılaşdırılanda, - bu 2000-ci illərin əvvəlinə təsadüf edirdi, - o zaman razılaşdırılırdı ki, hər min kubmetr qaza görə 120 dollar ödəniləcək. Bu qiymət yalnız bir il üçün müəyyən edilmişdi. Bir ildən sonra isə qiymət bazara uyğun hesablanmalı idi. Həmin bir il ötən ilin aprel ayında başa çatıb və konsorsiumun bütün üzvləri tərəfindən ümumi anlaşma yaranıb ki, yeni qiymət danışılsın. Qiymətin yuxarı və ya aşağı olacağını demək çətindir. İndi neftin qiyməti aşağı düşür, ola bilər ki, qiymət də aşağı olsun. Lakin bazar qiyməti olmalıdır. Bu sahədə çalışanlar bilirlər ki, 2008-ci ildə Türkiyə təbii qazı Rusiyadan 400 dollara, bəzən isə 500 dollara alırdı, Əlcəzairdən 300 və ya bir qədər çox. Azərbaycandan isə aldığı qazın qiyməti 120 dollar idi. 2008-ci ildə isə bazar qiyməti 400-500 dollar idi.

İndi siz özünüz hesablaya bilərsiniz, bu səbəbdən “Şahdəniz” konsorsiumunun itkiləri nə qədər idi. Lakin o da aydındır ki, hər şey müqavilə əsasında həll edilməlidir. Biz daim beynəlxalq öhdəliklərə hörmətlə yanaşmışıq. Azərbaycan heç vaxt beynəlxalq müqavilələri pozmayıb və bütün danışıqlar tərəfdaşlıq, dostluq ruhunda, qarşılıqlı maraq, ədalətli bazar qiyməti və hüquqi baza çərçivəsində aparılmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Ona görə hesab edirəm ki, artım və ya azalmadan danışmaq düzgün olmazdı. Biz gərək müqavilənin öhdəliklərindən və bazar qiymətlərindən danışaq. Bazar qiyməti olmasa o, nəinki iqtisadi itkilər yarada bilər, həmçinin əməkdaşlığın perspektivlərinə də təsir göstərə bilər.

Növbəti sual belə idi ki, Dağlıq Qarabağ məsələsi Türkiyə və Ermənistan razılaşmasında olmasa nə baş verər. Belədirmi?

İlk növbədə, mən bunu bu gün mətbuat konfransında da demişdim, biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Biz heç vaxt ölkələrin ikitərəfli münasibətlərinə müdaxilə etmirik. Lakin o da aydındır ki, 1993-cü ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının səbəbi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı olmuşdu. Hazırda Azərbaycan torpaqları hələ də işğal altındadır.

Son illər ərzində Türkiyə rəhbərləri adından bəyanatlar verilirdi və onlarla söhbətlər zamanı bildirilirdi ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədlər açılmayacaq. Bu yaxınlarda Türkiyə rəhbərlərindən eyni bəyanatları eşitdik. Verdiyiniz sual tamamilə əsaslıdır. Bu sual mənə ünvanlanmamalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan-Türkiyə gündəliyindən kənardadır, yoxsa yox? Bu, bir sözdən ibarət cavabı olan sadə bir sualdır. Bəli, yaxud xeyr. Ondan sonra hər şey aydın olacaqdır.

Bir daha söylədiklərimə qayıdaraq onu demək istərdim ki, əgər Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən öncə baş versə, o zaman bu, Azərbaycanın milli maraqlarına uyğun olmayacaqdır. Lakin bu heç də o demək deyil ki, biz bu prosesə hər hansı şəkildə müdaxilə etməyə çalışırıq. Xeyr, bu, seçim məsələsidir.

Türkiyə ilə güclü mədəni, tarixi və siyasi əlaqələrə malik olan və artıq 20 ildir ki, Ermənistanın təcavüzündən əziyyət çəkən Azərbaycan öz seçimini etmək və özünün milli maraqlarına uyğun addımları atmaq hüququna malikdir.

Fərdi təmaslara gəldikdə, biz bunun əleyhinə deyilik. Bizim ziyalılardan ibarət bir qrup Xankəndi və İrəvana, onların qrupu isə Bakıya səfər etmişdilər. Bu görüşlər bir gün ərzində keçirildi və fikrimcə, bu, danışıqlar prosesinə bir dəstək oldu. Qrup üzvləri keçirdikləri görüşlərdən razı qaldılar. Lakin məsələ elə bununla da bitdi, yəni, bu təşəbbüs hər hansı ciddi irəliləyişlə nəticələnmədi. Ona görə də əgər öz cəmiyyətlərində nüfuza malik şəxslər arasında təmasların nəticəsi olmursa, bu görüşlərin dəyəri nədir? Zənnimcə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən bu haqda danışmaq tezdir. Məsələ öz həllini tapmasa vəziyyəti əvvəlcədən proqnozlaşdırmaq və ya əməkdaşlıq etmək mümkün deyil.

APARICI: Cənab Prezident Əliyev, bizimlə görüşdüyünüzə və bu cür geniş, maraqlı söhbət apardığınıza görə Sizə olduqca minnətdarıq.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Rusiyanın Avropa hissəsində mayın əvvəli tarixin ən soyuq dövrü olub

ABŞ-də ziyafət zamanı atışma nəticəsində 3 nəfər ölüb

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Tikintiyə yaramayan səhra qumu

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub