RƏSMİ XRONİKA
PREZİDENTLƏR İLHAM ƏLİYEV VƏ VİKTOR YUŞŞENKO 1919-1920-Cİ İLLƏRDƏ UKRAYNANIN AZƏRBAYCANDAKI XÜSUSİ DİPLOMATİK MİSSİYASININ YERLƏŞDİYİ BİNADA XATİRƏ LÖVHƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞLƏR
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Bakıda 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki xüsusi diplomatik missiyasının yerləşdiyi binada – İstiqlaliyyət küçəsi, 31 ünvanında xatirə lövhəsinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenkonu binanın önündə qarşıladı və ali qonağa şəhərin bu hissəsində yerləşən binalar, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin binası, metronun “İçərişəhər” stansiyası, habelə qala divarları haqqında məlumat verdi.
Prezidentlər Ukrayna heykəltəraşı İqor Qreçanikin müəllifi olduğu və üzərində Azərbaycan və Ukrayna dillərində “1919-1920-ci illərdə bu binada Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki xüsusi diplomatik missiyası yerləşmişdir” sözləri yazılmış lövhənin üstündən örtüyü götürdülər.
Xatirə lövhəsinin üzərində Azərbaycanın və Ukraynanın dövlət gerblərinin təsviri də əks olunmuşdur.
Ukrayna Xalq Respublikasnın Bakıdakı ilk xüsusi diplomatik missiyasının rəhbəri İvan Kraskovski 1919-cu il fevralın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri, eyni zamanda xarici işlər naziri olan Fətəli xan Xoyskiyə etimadnaməsini təqdim etmişdi.
######