MƏDƏNİYYƏT
Professor Marianna Vısotskayanın mühazirəsi böyük maraqla qarşılanıb
Bakı, 21 aprel, AZƏRTAC
Qara Qarayev adına VI Beynəlxalq musiqi festivalı çərçivəsində aprelin 21-də Muzey Mərkəzində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vısotskayanın mühazirəsi olub.
AZƏRTAC xəbər verir ki, M.Vısotskayanın mühazirəsi İtaliya bəstəkarı Salvatore Şarrinonun “Gözlərimin aldadıcı işığı” operasına həsr olunub. Tədbir çərçivəsində həmin operanın videonümayişi olub. Tədbir iştirakçıları professorun mühazirəsini böyük maraqla qarşılayıblar.
Marianna Vısotskaya 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının xor dirijorluğu kafedrasının konsertmeysteri vəzifəsini tutur. O, Rusiya Bəstəkarlar İttifaqının üzvüdür.
M.Vısotskaya Azərbaycan, Belarus, Litva, Estoniya və bir sıra digər ölkələrdə konsertlər verib. Moskva Forumu və “Moskva payızı” kimi beynəlxalq festivallarda, Brideldə orqan festivalında, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Moskva Pasxa festivalında və s. çıxış edib.