CƏMİYYƏT
Professor Zakir Eminov: Son iki ildə Kür çayı Xəzər dənizinə şirin su gətirmir
Bakı, 20 oktyabr, AZƏRTAC
“Son iki ildə demək olar ki, Kür çayı Xəzər dənizinə şirin su gətirmir”.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov deyib.
Z.Eminovun sözlərində görə, iqlim dəyişmələrinin fəsadlarını görmək üçün son 4-5 ilə nəzər salmaq kifayətdir: “Son dövrlərdə Xəzər dənizində şərqdən və cənubdan əsən isti küləkli günlərin sayı artıb. Nəticədə Xəzərin səviyyəsi enir. Hətta 2 metrə qədər enmə müşahidə olunub. Tədqiqatlara görə, Volqa çayında suyun səviyyəsi 30 faizdən çox azalıb. Bunun ən böyük mənfi təsiri liman təsərrüfatınadır. Odur ki, tədbirlər görülməlidir. Kür çayında da suyun səviyyəsində azalma müşahidə olunur. Bundan başqa, havanın temperaturunun getdikcə artması meşələrin sərhədlərinin dəyişməsinə səbəb olur. Nəticədə suvarılan ərazilərin genişlənməsi problemi üzə çıxır. Bu zaman suvarma şəbəkələrinin qurulmasına ehtiyac yaranır. Həmçinin isti dövrlərdə yağıntıların normadan artıq düşməsi təsərrüfat üçün problem yaradır. Əvvəllər 40 dərəcəyə yaxın temperatur 3-5 gün olurdusa, bu il avqust ayında həmin müddətin sayı 20 günü ötdü. Bu da iqlim dəyişmələrinə adaptasiya və qabaqlayıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirir”.