CƏMİYYƏT
Prokurorluq işçilərinin peşə biliklərinin artırılması üçün seminar-müşavirələrin təşkili davam etdirilir
Bakı, 31 yanvar, AZƏRTAC
Prokurorluq işçilərinin peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədilə təlimlərin təşkili davam etdirilir. Həmin tədbirlər həyata keçirilərkən son iki ildə prokurorluq orqanlarına işə qəbul edilmiş stajorlar və vəzifəyə yeni təyin olunmuş şəxslər xüsusi diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən iki həftə ərzində cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmalar, xüsusilə də ağacların qanunsuz kəsilməsi və dağ-mədən işlərinin aparılması ilə bağlı məlumatların yoxlanılması, bu sahədə respublikanın Şimal və Şimal-Qərb rayonlarında aparılmış yoxlamalar və onların nəticələrinin müzakirəsinə həsr olunmuş regional seminar-müşavirələr keçirilib.
Respublikanın 6 rayonunda 23 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında cinayət təqibindən kənar icraatlar üzrə rayon prokurorlarının köməkçiləri cəlb edilməklə Baş Prokurorluğun əməkdaşları tərəfindən ilkin istintaq hərəkətləri aparılıb, izahatlar alınıb.
Aparılmış yoxlamaların nəticələri ilə bağlı yanvarın 21-də Şəki Rayon Prokurorluğunda və 29-da isə Quba Rayon Prokurorluğunda seminarlar keçirilib. Seminarlarda əsasən yoxlama taktikasının düzgün müəyyən edilməsi və lazımi prosessual hərəkətlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə aparılıb. Seminarda Ağdaş, Balakən, Qəbələ, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qobustan Rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.
Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.