SİYASƏT
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNİN HƏLLİNƏ ƏLAVƏ 500 MİLYON DOLLAR AYRILACAQDIR
AZƏRTAC xəbər verir ki, 2004-cü ildə Azərbaycanda qəbul edilmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması Dövlət Proqramının icrası nəticəsində Ermənistanın təcavüzündən əziyyət çəkən insanların müvəqqəti məskunlaşdığı 12 çadır şəhərciyi ləğv edilmişdir. Əvəzində müasir tipli 36 yeni qəsəbə salınmış və qəsəbələrdə 47 min məcburi köçkün məskunlaşdırılmışdır. Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilmiş və digər zəruri tədbirlər görülmüşdür.
Ümumiyyətlə, son beş ildə bu məqsədlər üçün 1 milyard dollar xərclənmişdir. 2007-ci ildə həmin proqrama edilmiş əlavələr hesabına minimum 500 milyon dollar əlavə vəsait xərclənəcəkdir. Bu vəsait Azərbaycan Dövlət Neft Fondundan ayrılacaqdır.