İDMAN
Qadın güləşçilərimiz dünya çempionatına türkiyəli həmkarları ilə hazırlaşırlar
Bakı, 30 iyul (AZƏRTAC). Xəbər verildiyi kimi, avqustun 13-dən 18-dək Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclər, sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə isə böyüklər arasında dünya çempionatı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın güləş üzrə yığma komandaları da çempionata hazırlıqları davam etdirir.
Güləş üzrə qadınlardan və gənc qızlardan ibarət yığma komandanın üzvləri dünya çempionatına hazırlığı Astara Olimpiya İdman Kompleksində Türkiyənin qadın güləşi üzrə yığması ilə birgə keçirir.
Yığma komandamızın heyətinə Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Almaz İsmayılova, Yarina Dubovska (hər ikisi 55 kq), Alyona Kolesnik, Yuliya Ratkeviç (hər ikisi 59 kq), Anna Belyayeva, İrina Netreba, Raqnetta Qurbanzadə, Elmira Həsənova (hamısı 63 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 72 kq) cəlb olunmuşdur.
Hazırlıq prosesinə yığma komandanın baş məşqçisi Yaqub Məmmədov, böyük məşqçilər Konstantin Konorev, Arif Fərmanov və məşqçilər Aslan Ağayev və Həsrət Məmmədyarov rəhbərlik edir.
Türkiyə yığma komandasının heyətində isə məşqçilər Şemseddin Yıldız, Zeynep Yıldırım Diri və Habil Karanın başçılığı altında 12 idmançı ölkəmizə səfər etmişdir.
Birgə təlim-məşq toplanışı avqustun 8-dək davam edəcəkdir.