İDMAN
Qadın güləşçilərimiz “Qızıl Qran-pri” Beynəlxalq turnirinə Kiyevdə hazırlaşır
Bakı, 22 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” Beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
Yarışda iştirak edəcək ölkələrin güləş üzrə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qadın güləşi üzrə yığma komandamız iyulun 9-dan etibarən Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Konça Zaspa” təlim-məşq bazasında həmin ölkənin komandası ilə birgə təlim-məşq toplanışına başlayıb.
Yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 7 güləşçi cəlb olunub.
Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Gözəl Zutova və Nadya Sementsovanın (hər ikisi 69 kq) iştirak etdikləri təlim-məşq toplanışı iyulun 24-dək davam edəcək.