İDMAN
“Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar
Bakı, 15 aprel (AZƏRTAC). Aprelin 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarı ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ştatların ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru xanım Ceyn MakManus aparmışdır.
C.MakManus ABŞ-da qadın idmanının inkişaf tarixindən, hazırda bu ölkədə qadınların idmana cəlb olunması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, qadınlar arasında idmanın kütləviliyinin təmin olunması istiqamətində ABŞ-da bir neçə qanun qəbul edilmişdir. İlk dəfə ABŞ-da kişi və qadın arasında yarış idmanın tennis növü üzrə keçirilmişdir. Həmin görüşdə xanım Billi Jean King rəqibi Bobbi Riggsə qalib gəlmişdir.
Qonaq C.MakManus ABŞ-ın tanınmış qadın idmançılarından olan sürətli maşın sürücüsü Danila Patrik, basketbolçu Britniy Griner və tennisçi Serrena Uilyams barədə seminar iştirakçılarına məlumat vermiş və onların qazandığı nailiyyətlərdən danışmışdır. Vurğulamışdır ki, hazırda dünyada qadınlar məşğul olduqları idman sahələrində əlavə böyük gəlir əldə edirlər. Məşhur qadın idmançılar bir çox şirkətlərin, brendlərin və məhsulların siması seçilir və bundan böyük mənfəət qazanırlar.
Azərbaycanda qadın idmanın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən C.MakManus ötən il Azərbaycanda təşkil olunmuş futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının möhtəşəm təşkil olunduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycanda idman sahəsində qazanılan uğurlar çox sevindiricidir. Bakıdan əvvəl Gəncədə olmuşam və idman, bədən tərbiyəsi ilə məşğul olan qadın mütəxəssislərlə görüşmüşəm.
Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev nailiyyətlər qazanmış qadın idmançıları qonağa təqdim etmişdir.
Sonda C.MakManus seminar iştirakçılarının suallarını cavablandırmışdır.