MƏDƏNİYYƏT
Qara Qarayev adına musiqi məktəbində yubiley konserti təqdim edilmişdir
Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 8-də Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbində dahi bəstəkar Qara Qarayevin 95 və məktəbin yaradılmasının 75 illik yubileylərinə həsr olunmuş ikihissəli konsert təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, musiqi məktəblərinin direktorları, tanınmış bəstəkarlar, şagirdlər və valideynlər iştirak etmişlər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva fevralın 5-də Qara Qarayevin 95 illik yubileyinin qeyd edildiyini nəzərə çatdıraraq bildirmişdir ki, dahi bəstəkarın əsərləri dünya musiqisində özünəməxsus yer tutmuşdur.
Nazir müavini qeyd etmişdir ki, Qara Qarayev novator bəstəkar kimi tanınmış, milli musiqi məktəbinin bir sıra görkəmli nümayəndələrini yetişdirmişdir.
Hazırda Azərbaycan Dövlət Kamera Orkestrinin, 8 nömrəli musiqi məktəbinin Qara Qarayevin adını daşıdığı, bəstəkara həsr edilmiş müsabiqələrin keçirildiyi diqqətə çatdırılmışdır.
Sevda Məmmədəliyeva musiqi məktəbinin 75 illik yubileyi münasibətilə kollektivi təbrik etmiş və məktəbin binasının yenidən tikilib istifadəyə verildiyini, açılışda Prezident İlham Əliyevin iştirak etdiyini vurğulamışdır. Məktəbin şagirdlərinin beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış etdiyini, 3 şagirdin adlarının gənc istedadların “Qızıl kitabı”na daxil edildiyini və Prezident təqaüdçüsü olduqlarını bildirmişdir.
Tədbirdə, həmçinin gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə məktəb Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Əlamətdar yubileylər münasibətilə təqdim olunan konsertin birinci hissəsində Qara Qarayevə həsr olunmuş videoçarx və şəkillərdən ibarət şlayd təqdim edilmişdir.
Daha sonra məktəbin kamera orkestri, müəllim və şagird kollektivi, digər musiqiçilərin ifasında dahi bəstəkarın “İnsan məskən salır” filmindən musiqi, “Don Kixot” simvolik qravürlərindən “Səyahət”, “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim”, “Yeddi gözəl” batelindən “Vals” və digər əsərləri səsləndirilmişdir.
Konsertin məktəbin yaranmasının 75 illiyinə həsr olunmuş ikinci hissəsində məktəb haqqında videoçarx nümayiş olunmuşdur.
Bildirilmişdir ki, 1937-ci ildə yaradılmış məktəb 1989-cu ildən dahi bəstəkar Qara Qarayevin adını daşıyır. Məktəbin musiqi məktəbləri arasında öndə gedən olduğu, musiqi sahəsində öz sözünü demiş musiqiçilər yetişdirdiyi qeyd edilmişdir.
Məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Sonda xor kollektivi məktəbə həsr olunmuş “Qarayevçilərik biz” mahnısını ifa etmişdir.