İDMAN
“Qarabağ” və “Neftçi” komandaları tanış rəqiblərlə qarşılaşacaq
![“Qarabağ” və “Neftçi” komandaları tanış rəqiblərlə qarşılaşacaq](/files/2014/2/1200x630/14087125556464446561_1200x630.jpg)
Bakı, 8 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində mübarizə aparan Ağdamın “Qarabağ” və Bakının “Neftçi” komandaları qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda müvafiq olaraq Hollandiyanın “Twente” və Serbiyanın “Partizan” kollektivləri ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” və “Neftçi” bu komandalarla əvvəllər də qarşılaşıb. “Qarabağ” komandası 2009-cu ilin avqustunda Avropa Liqasının pley-off mərhələsində “Twente” ilə görüşüb. Hollandiyada keçirilən ilk oyunda meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. Bakıdakı görüşdə isə hesab açılmayıb. Həmin mövsüm “Twente” Hollandiya çempionu adını qazandı. Sonralar bu komandaya transfer edilən “Qarabağ”ın hücumçusu Vaqif Cavadov Hollandiya çempionatının qızıl medallarına sahib olub.
Baş məşqçisi Alfred Şroyder olan “Twente” son mövsümü üçüncü yerdə başa vurduğu üçün Avropa Liqasında mübarizəyə pley-off mərhələsindən qoşulub.
“Neftçi”nin rəqibi “Partizan” isə Serbiyanın ən titullu klublarından biridir. Paytaxt təmsilçisi bu komanda ilə 2012-ci ildə Avropa Liqası yarışlarının qrup mərhələsində görüşüb. Belqraddakı ilk oyunda hesab açılmadı. Bakıdakı qarşılaşma isə 1:1 hesabı ilə başa çatdı.
“Partizan” 2014-2015-ci il mövsümünə UEFA Çempionlar Liqasından başlayıb. Serbiya çempionatını ikinci pillədə başa vuran komanda Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Farer adalarının “HB Torşavn” klubuna ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. Serbiya komandası Maltadakı cavab qarşılaşmasında isə “HB Torşavn” kollektivini 1:3 hesabı ilə üstələyib. Baş məşqçi Marko Nikolicin yetirmələri üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” komandası ilə oyunlarda səfərdə qolsuz, ev oyununda isə 2:2 hesablı heç-heçə edib və Çempionlar Liqasından kənarda qalıb.
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsindəki oyunlar avqustun 21-də və 28-də keçiriləcək.