İQTİSADİYYAT
Qax rayonu ərazisindən axan dağ çaylarında məcra təmizləmə işləri aparılır
Qax, 2 mart (AZƏRTAC). Qax rayonunun yaşayış məntəqələri və əkin sahələrini havaların istiləşməsi ilə əlaqədar dağ çaylarında gözlənilən sel təhlükəsindən qorumaq məqsədi ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayon ərazisindən selə qarşı mühafizə tədbirləri davam etdirilir.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov AZƏRTAC-a bildirmişdir ki, Qarabaldır, Çudulu və daha bir neçə kəndin ərazisindən axan Qapıçayın 4 kilometrlik hissəsində məcranın qum-çınqıl və kol-kosdan təmizlənməsi işi artıq başa çatdırılmışdır. Bundan əlavə, İbaxlı kəndinin ərazisini sel sularından qorumaq məqsədi ilə Kürmük çayının sol sahilində 4 kilometr uzunluğunda qoruyucu torpaq bənd vurulmuşdur. Əlibəyli kəndinin ərazisini mühafizə etmək məqsədi ilə hazırda Kürmük çayının sağ sahilində məcratəmizləmə işləri davam etdirilir, qoruyucu torpaq bəndlər yaradılır.
İdarənin rəisi bildirmişdir ki, ümumiyyətlə, 2012-ci ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayon ərazisindən axan dağ çaylarında 2400 kubmetr həcmdə beton bəndlərin əsaslı təmiri, habelə 1600 kubmetr həcmdə qabion bəndlərin quraşdırılması nəzərdə tutulur. Kürmük çayı hövzəsindəki bəndlərdə 870 min manatlıq əsaslı təmir işləri aparılacaq, Qobala çayının şəhər ərazisindən keçən 200 metrlik hissəsi beton üzlüklü kanala salınacaqdır.