İQTİSADİYYAT
Qaz anbarlarının istismarı idarəsində işçilərin mühafizəsi üzrə növbəti tədbirlər keçirilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin qaz anbarlarının istismarı idarəsinin sex və sahələrində baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hallar zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə növbəti tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə işçilərin fövqəladə hallarda davranış qaydaları, qəza yerində xəsarət alanların xilas edilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi, yanğının qarşısının alınması üzrə tədbirlərin görülməsində obyektin qəza-xilasetmə qüvvələrinin hazırlığı, eləcə də Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə və təcili tibbi yardım qüvvələri ilə fövqəladə halların qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyətin təşkili bir daha yoxlanılmışdır.
İdarədə belə tədbirlərin mütəmadi olaraq keçirilməsi, nəinki qəza hallarının qarşısının alınmasında, eləcə də sex və sahələrdə təhlükəsiz iş şəraitinin təmin edilməsi, fövqəladə hallarda fəaliyyətə hazırlıqların artırılmasında mühüm əhəmiyyət kəsb edir.