İQTİSADİYYAT
Qazax sement zavodunda genişmiqyaslı işlər davam etdirilir
Bakı, 13 iyul (AZƏRTAC). “Akkord” korporasiyasının iri investisiya layihələrindən sayılan Qazax sement zavodunun tikintisi ilə bağlı genişmiqyaslı işlər davam etdirilir.
“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gündəlik istehsal gücü 2 min 500 ton klinker və ildə 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. İlk mərhələdə sement istehsalı xətti istifadəyə verilmişdir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur.
Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya fəaliyyət göstərir. Burada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.
Zavodun avtomatik idarəetmə sistemi “Siemens” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilmişdir.
Bundan əlavə, müəssisənin klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması planlaşdırılmışdır. Zavodun ümumi tikinti kompleksinə əsas və yardımçı olmaqla 49 bina daxildir.
Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
Gündəlik istehsal gücü 2 min 500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulmuşdur.