SİYASƏT
QAZAXISTAN MÜŞAHİDƏ MİSSİYASI AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
Bəyanatda deyilir ki, seçkiqabağı müşahidəni həyata keçirərkən beynəlxalq müşahidəçilərə seçki prosesini tənzimləyən sənədlərlə tanış olmaq, seçki orqanlarından zəruri informasiyaları almaq, seçki məntəqələrinə sərbəst surətdə baş çəkmək üçün hər cür imkan yaradılmışdı. Mərkəzi Seçki Komissiyasının və aşağı seçki komissiyalarının seçkilərə hazırlıq və onun keçirilməsi istiqamətindəki işi yüksək səviyyədə təşkil olunmuşdur. Bütün seçki bülletenlərinin nömrələnməsi, seçki məntəqələrində veb-kameraların quraşdırılması, barmaqların şəffaf mürəkkəblə nişanlanması, seçkilərin şəffaf, azad və demokratik keçirilməsinə zəmin yaratmışdır.
Sənəddə daha sonra deyilir: “Azərbaycan Respublikasının seçki qanunvericiliyi, xüsusilə də Seçki Məcəlləsi ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün əsas rol oynayır və ölkə vətəndaşlarına özlərinin Konstitusiya hüquqlarından istifadə etməyə imkan yaradır”.
Qazaxıstan müşahidə missiyası bir sıra texniki problemlərlə də rastlaşdığını, lakin bunun seçkinin nəticələrinə təsir etmədiyini qeyd etmişlər.
Sonda bir daha bildirilir ki, Azərbaycanda 15 oktyabr prezident seçkiləri milli seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun, azad, demokratik və açıq şəkildə keçmişdir.