İQTİSADİYYAT
“Qazprombank” ASC “SOCAR POLYMER” layihəsi üçün 420 milyon dollar kredit ayırıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR POLYMER” layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənədə əsasən ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 milyon dollar kredit ayrılıb.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev dekabrın 13-də “Qazprombank” ASC-nin idarə heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Abdullayev qonağa Dövlət Neft Şirkətinin son dövrdə əldə etdiyi nailiyyətlərdən danışıb, şirkətin qarşıdakı illərdə həyata keçirəcəyi regional və qlobal əhəmiyyətli layihələr barədə məlumat verib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən A.Akimov Azərbaycanda bir neçə il əvvəl olduğunu diqqətə çatdırıb, ölkəmizdə baş vermiş sosial-iqtisadi dəyişiklikdən böyük təəssüratlar aldığını söyləyib, Azərbaycanın enerji sektorunda böyük irəliləyişlər əldə olunmasından məmnunluğunu bildirib. A.Akimov ARDNŞ-in qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Görüşdə Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə ARDNŞ-in yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar olub. Təqdimatlarda layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırkı gedişi haqqında ətraflı məlumat verilib. Layihələr “Qazprombank” ASC-nin təmsilçilərində maraq doğurub.
“Qazprombank” ASC idarə heyətinin sədri bildirib ki, ARDNŞ-in mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. On il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan ARDNŞ-ə bəslənilən inamın və etimadın bariz göstəricisidir.
Tədbirdə “Qazprombank” ASC tərəfindən ARDNŞ üçün 2 milyard dollar həcmində kredit limitinin açıldığı qeyd olunub.